Mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilib.
1xeber.media xəbər verir ki, tədbirə Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən ümumilikdə 114 ölkədən QHT təmsilçiləri qatılıb.
Əvvəlcə təşkilatın birillik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Qlobal Cənub dünya arenasında mühüm rol oynayır. Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tale etibarilə Qlobal Cənubun bir hissəsiyik.
Hikmət Hacıyev xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik elementlərini vurğulayıb. Nəzərə çatdırıb ki, Qlobal Cənub ölkələri tarixin müxtəlif dövrlərində bundan çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzündə bir yaradır, lakin təəssüf edirik ki, bu təcrübə qlobal müstəvidə yeni forma və təzahürlər alaraq davam etməkdədir. Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik edərkən neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri kimi müəyyən edib.
Tədbir çərçivəsində Qlobal Cənub QHT Platformasının institusional strukturu və fəaliyyət mexanizmlərinə dair çərçivə sənədi qəbul edilib.
Daha sonra Qlobal Cənub QHT Platformasının (GSNP) Baş katibi və regionlar üzrə onun müavinləri seçilib.
Sonra Baş Assambleya işini panel iclasları ilə davam etdirib.
Sonda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib.

















