Bu gün 3 iyul – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür. Adətən belə günlərdə media onun rəsmi statuslarını, həyata keçirdiyi böyük sosial və ekoloji layihələri sadalayır. Lakin Leyla Əliyeva obrazının arxasında çoxlarının bəlkə də sadəcə "xəbər manşeti" kimi gördüyü, amma əslində tam fərqli duyğu dünyası olan bir sənətkar ruhu dayanır.
Onu yaxından izləyənlər bilir ki, Leyla Əliyevanın ictimai fəaliyyəti sadəcə idarəçilik deyil, daxili dünyasının xarici aləmə yansımasıdır. Məsələn, onun rəhbərlik etdiyi IDEA kampaniyası sadəcə ağac əkmək missiyası daşımır; bu, təbiətə, hər bir canlıya qarşı olan dərin empatiyanın və sevginin təzahürüdür. O, planetin ağrısını hiss edə bilən və bu ağrını azaltmağa çalışan bir humanistin addımlarıdır.
Onun fərqliliyi həm də yazdığı şeirlərdə və çəkdiyi tablolarda gizlidir. Rəsmi protokolların gərgin qrafiki arasında o, kətan üzərinə köçürdüyü rənglərlə və səmimi misralarla öz duyğularını bölüşür. Yazdığı şeirlərdə insan ruhunun tənhalığı, sevgi, zamanın sürətlə axması kimi fəlsəfi mövzular o qədər sadə və toxunqlu dillə ifadə olunur ki, oxucu onun statusunu unudur və sadəcə qəlbi ilə danışan bir insanı dinlədiyini hiss edir.
Bəlkə də elə buna görədir ki, onun təşəbbüsü ilə keçirilən xeyriyyə tədbirlərində, kimsəsiz uşaqlarla və ya xüsusi qayğıya ehtiyacı olan insanlarla görüşlərində süni rəsmiyyət yox, tam bir doğmalıq hiss olunur. Çünki o, insanlara vəzifə pəncərəsindən deyil, sənətkar və ana qəlbi ilə baxmağı bacarır.
Bu gün onun doğum günüdür – təkcə layihələri ilə yadda qalan bir rəhbərin deyil, dünyaya gözəllik, rəng və duyğu qatmağa çalışan bir yaradıcı ruhun günü.
1xeber.media rəhbərliyi və kollektivi adından Leyla Əliyevanı ad günü münasibəti ilə təbrik edir,uzun ömr,sağlam can və işlərində uğurlar arzulayırıq!















