2026-cı ilin 10 may tarixində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “I MDU Yaşıl Kampus İdman Festivalı” (I MSU Green Campus Sports Festival) keçirilib.
1xeber.media xəbər verir ki,gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji mədəniyyətin gücləndirilməsi, yaşıl düşüncə tərzinin formalaşdırılması və dayanıqlı kampus həyatının təşviqi məqsədi daşıyan festival regionun ən genişmiqyaslı yaşıl idman təşəbbüslərindən biri kimi böyük maraqla qarşılanıb.
Festivalda Mingəçevir Dövlət Universitetinin akademik və inzibati heyəti, tələbələr, magistrantlar, məzunlar, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, peşəkar və həvəskar idmançılar, tərəfdaş qurumların nümayəndələri, şəhər ictimaiyyəti və media nümayəndələri daxil olmaqla ümumilikdə 3000-dən çox iştirakçı yer alıb.Festival çərçivəsində marafon/qaçış, voleybol, futbol, üzgüçülük, velosiped yarışı, stolüstü tennis və eko-yarışlar təşkil olunub. Yarışlarda universitetin tələbələri, əməkdaşları, məzunları, həmçinin tərəfdaş qurumların nümayəndələri fəal iştirak ediblər.Festivalın müxtəlif idman yarışları açıq hava və yaşıllıq mühitində təşkil olunub, iştirakçılar üçün ekoloji baxımdan təhlükəsiz və sağlam atmosfer yaradılıb. Yarışların sonunda qalib komandalar və fərdi iştirakçılar medal, kubok və xüsusi sertifikatlarla təltif olunublar.