17-22 may 2026-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda məlumatlandırma sessiyası keçirilib.
1xeber.media xəbər verir ki,tədbirdə iştirak edən 50-yə yaxın media nümayəndəsinə WUF13-ün əsas mövzusu olan “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” barədə məlumat təqdim edilib, sessiya zamanı səmərəli və daha effektiv işıqlandırma üçün istiqamətlər və tövsiyələr verilib.
Məlumatlandırma sessiyasında iştirak edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinə müraciət edərək qeyd edib ki, WUF13 çərçivəsində keçirilən tədbir dayanıqlı şəhərsalmanın inkişafı ilə medianın məsuliyyətli və maarifləndirici rolunun vəhdətini ön plana çıxarır. Natiq Məmmədli vurğulayıb ki, media şəhərsalma təşəbbüslərinin obyektiv çatdırılmasında, ictimai fəallığın artırılmasında körpü rolunu oynayır.
Sessiyanın sonunda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən media nümayəndələrinə Bakı Olimpiya Stadionunda tədbir zamanı fəaliyyət göstərəcək media mərkəzi və media imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, silsilə xarakter daşıyan məlumatlandırma sessiyaları WUF13 tədbirinədək mərhələli şəkildə təşkil ediləcək.