Вернуться назад Распечатать

Mingəçevir Dövlət Universitetində “Məzun Günü” tədbiri keçirilib-VİDEO

 2026-cı ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ili üzrə “Məzun Günü” tədbiri keçirilib. Universitetin əsas tədris binasında təşkil olunan tədbir məzunların tələbəlik həyatından peşəkar gələcəyə keçidini simvolizə edən unudulmaz anlarla yadda qalıb.

1xeber.media xəbər verir ki,tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, şəhid ailələrinin üzvləri, veteranlar, Mingəçevir şəhərinin hüquq-mühafizə orqanlarının nümayəndələri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, Mingəçevir şəhər Təhsil Sektorunun rəhbərliyi, ümumtəhsil məktəblərinin direktorları, media nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbə və magistrantlar, məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin əsas tədris binası qarşısında ucaldılmış büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

“Məzun Günü” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məzunları, onların valideynlərini və universitet kollektivini təbrik edib. Şəhər rəhbəri bildirib ki, Mingəçevir Dövlət Universiteti son illərdə yalnız regionun ali təhsil müəssisəsi kimi deyil, həm də şəhərin sosial-iqtisadi, mədəni və intellektual inkişafına töhfə verən mühüm tərəfdaş kimi formalaşıb. 

Sonra Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib. Rektor bildirib ki, “Məzun Günü” universitet həyatında yalnız yekun mərhələ deyil, həm də yeni başlanğıcın, yeni məsuliyyətin və yeni ümidlərin bayramıdır. O qeyd edib ki, MDU-nun əsas hədəfi bilikli, çevik düşüncəli, innovativ yanaşmaya malik, əmək bazarının tələblərinə uyğun, eyni zamanda cəmiyyətə və ətraf mühitə qarşı məsuliyyətli gənclər yetişdirməkdir.

Anar Eminov vurğulayıb ki, müasir universitetlər artıq yalnız auditoriyalarda bilik ötürən müəssisələr deyil, həm də dayanıqlı inkişaf ideyalarını təşviq edən, yaşıl düşüncəni formalaşdıran, rəqəmsal bacarıqları gücləndirən, sosial məsuliyyət və inklüzivlik dəyərlərini gündəlik fəaliyyətinə çevirən canlı ekosistemlərdir. Bu baxımdan Mingəçevir Dövlət Universiteti tələbələrinə təkcə ixtisas bilikləri qazandırmır, onları həm də əməkdaşlıq, liderlik, ekoloji məsuliyyət, innovasiya və cəmiyyətə faydalı olmaq kimi vacib dəyərlərlə formalaşdırır.

Rektor qeyd edib ki, 2025/2026-cı tədris ili üzrə universitetin növbəti məzunlarını yola salması MDU-nun regionun kadr potensialının inkişafında artan rolunun daha bir göstəricisidir. O bildirib ki, universitetin mühəndislik, iqtisadiyyat və idarəetmə, pedaqoji istiqamətlər üzrə hazırladığı məzunlar gələcəkdə müxtəlif sahələrdə çalışaraq ölkənin davamlı inkişafına, regionların güclənməsinə, bilik əsaslı iqtisadiyyatın formalaşmasına və insan kapitalının zənginləşməsinə töhfə verəcəklər.

Anar Eminov çıxışında məzunlara müraciət edərək onların MDU ailəsinin hər zaman dəyərli üzvləri olaraq qalacaqlarını bildirib. Rektor gənclərə peşə yollarında prinsipial, məsuliyyətli, yeniliklərə açıq və vətənpərvər olmağı tövsiyə edib, universitetin qapılarının məzunlar üçün hər zaman açıq olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə Mingəçevir Dövlət Universitetində bakalavriat təhsil səviyyəsi üzrə 940 nəfər, magistratura təhsil səviyyəsi üzrə 137 nəfər olmaqla, ümumilikdə 1077 nəfər məzun olub.