Вернуться назад Распечатать

Sertifikasiyadan kəsilən müəllimlərin küçədə ürəyi getdi:Şəkidəki rəzalət sistemin iflasıdır!-VİDEO

Gərginlik, stress və təzyiq: Sertifikasiya kimə lazımdır?

Görüntülər Şəkidəndir... Kadrlarda hər kəsi sarsıdan böyük bir gərginlik və həyəcan yaşanır. Sertifikasiya imtahanından kəsilən və ya imtahan zalında yüksək gərginliyə dözməyən müəllimlərin halı qəfildən pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb, həkimlər stress və infarkt riskinə qarşı müəllimlərə ilkin tibbi yardım göstərir. Bu mənzərə son günlər cəmiyyətdə ən çox verilən o sualı yenidən gündəmə gətirir: Müəllimlərin sertifikasiyası bura qədər gəlib çıxmalı idimi:

Rəsmi qurumlar sertifikatlaşdırma prosesini təhsilin keyfiyyətini artırmaq, müəllimlərin peşəkar biliklərini yoxlamaq və uğur qazananların əməkhaqqını artırmaq üçün bir mexanizm kimi təqdim edir. Lakin bu prosesin görünməyən, daha doğrusu, hər kəsin gördüyü ağır bir psixoloji tərəfi var: İmtahan stressi! İllərini bu peşəyə vermiş, minlərlə şagird yetişdirmiş yaşlı müəllimlərin bir neçə saatlıq test imtahanı ilə sınağa çəkilməsi, onlarda ağır mənəvi və psixoloji gərginlik yaradır.

Ekspertlər və cəmiyyət soruşur: Ömrünü məktəbə həsr edən, təqaüd yaşına az qalmış müəllimləri bu qədər gərginlik və təzyiq altına salmağa həqiqətən ehtiyac varmı? Kompüter qarşısında yaşanan saniyələrin gətirdiyi həyəcan təkcə balları yox, həm də insan sağlamlığını sıfıra endirir. Şəkidə baş verən bu hadisə, imtahan sistemindəki psixoloji yanaşmanın və yaş faktorunun yenidən nəzərdən keçirilməsinin vacibliyini növbəti dəfə sübut edir. Təhsil keyfiyyətini yüksəltmək naminə müəllimlərin sağlamlığını riskə atmaq nə dərəcədə doğrudur? Suallar çox, Şəkidən gələn görüntülər isə düşündürücüdür