"Bakı metrosunda obyekt açmaq neçəyə başa gəlir? Qiymətlər 200 manatdan başlayır, 3000 manata qədər qalxır! Bəs ən baha və ən ucuz stansiyalar hansılardır?Ətraflı süjetimizdə!
“Bakı Metropoliteni” QSC-yə məxsus metropoliten obyektlərində yerləşən qeyri-yaşayış sahələrinin aylıq icarə qiymətləri məlum olub.
1xeber.media Plat.az-a istinadən xəbər verir ki, sözügedən obyektlərin minimum icarə qiymətləri 200-3000 manat arasında dəyişir.
Bunlar "İçərişəhər", "28 May", "Elmlər Akademiyası", "Bakmil", "Qara Qarayev", "Xalqlar Dostluğu", "Xətai" və "Dərnəgül" stansiyalarının ərazisində yerləşən obyektlərdir.
Belə ki, Bakı metrosunun "İçərişəhər" stansiyasında "B" zonasında, ümumi sahəsi 35,4 kvadrat metr olan obyekt icarəyə verilir. Obyektin minimum icarə qiyməti 3 min manat təşkil edir. Eyni zamanda depozit qiyməti də 3 min manatdır. Ərazidə aylıq sərnişin axını 506 min nəfərdir.
Yenə "Xətai" stansiyasının "B" zonasında 8,3 kvadrat metr sahəsi olan obyekt 600 manata icarəyə verilir. Obyektin depozit qiyməti 1000 manat, ərazinin aylıq sərnişin axını 380 min nəfərdir
"Dərnəgül" stansiyasının 2-ci çıxışında "C" zonasında 12 kvadrat metr sahəsi olan obyekt 200 manata icarəyə verilir. Depozit yoxdur. Ərazinin aylıq sərnişin axını 105 min nəfərdir.
Yenə "Dərnəgül" stansiyasının 2-ci çıxışında "C" zonasında ümumi sahəsi 28 kvadrat metr olan obyekt 500 manata icarəyə verilir. Depozit yoxdur. Ərazinin aylıq sərnişin axını 105 min nəfərdir.
Qeyd edək ki, sözügedən obyektlər kiçik ölçülü, lakin intensiv dövriyyəli fəaliyyət üçün uyğundur. Gündəlik istismar şəraitində və fövqəladə vəziyyətlər zamanı sərnişin axınının sərbəst hərəkətinə maneə törətməyən sahələrdə müvafiq fəaliyyətin həyata keçirilməsinə icazə verilməsi nəzərdə tutulur.
Məlumat üçün deyək ki, “Bakı Metropoliteni” QSC-yə məxsus metropoliten obyektlərində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi QSC-nin Müşahidə Şurasının 24.03.2026-cı il tarixli 13 nömrəli protokolu ilə təsdiq edilmiş Qaydalar əsasında həyata keçirilir.
Qaydalara əsasən, metro stansiyalarında, keçidlərdə, vestibüllərdə, yerüstü giriş-çıxış qurğularında və Cəmiyyətə məxsus digər daşınmaz əmlak obyektlərində yerləşən ticarət və xidmət sahələri icarəyə verilə bilər.
Əsas şərt ondan ibarətdir ki, həmin fəaliyyət sərnişinlərin rahat hərəkətinə mane olmamalı, həmçinin təhlükəsizlik və texniki tələblərə uyğun olmalıdır.
İcarəyə vermə, bir qayda olaraq, açıq hərrac və ya açıq müsabiqə yolu ilə həyata keçirilir. Əgər əsas meyar təklif olunan qiymətdirsə, hərrac keçirilir. Əgər qiymətlə yanaşı fəaliyyət konsepsiyası, xidmət keyfiyyəti və digər göstəricilər də nəzərə alınırsa, müsabiqə tətbiq edilir.
İcarəçinin seçilməsi üsulunu Metropoliten müəyyən edir. Qaydalarda nəzərdə tutulmuş bəzi hallarda isə sahələr birbaşa icarəyə verilə bilər.
Əlavə olaraq deyək ki, metro stansiyaları sərnişin axını nəzərə alınmaqla A, B və C zonalarına bölünür. Hər zona üzrə minimal başlanğıc aylıq icarə haqqı müəyyən edilir. Konkret sahə üzrə məbləğ isə yerləşmə xüsusiyyətləri, texniki təchizat səviyyəsi, fəaliyyət istiqaməti kimi amillər nəzərə alınmaqla hesablanır.