"Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur".
1xeber.media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə ünvanladığı məktubda qeyd edilib.
Döblət başçısı bildirib: "Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir. Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir".
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur:
"Siyasi, iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat-kommunikasiya, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. “Kəmər və yol” layihəsinin uğurla icrası, xüsusilə də onun vacib tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların artması təqdirəlayiqdir. Eyni zamanda vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsinin insanlararası təmasların və turizmin inkişafına, iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsinə mühüm təkan verəcəyinə inanıram".