Ermənistanın baş naziri Nikol Paşinyan Armavir vilayətində müxalifət fəalı Valodi Qriqoryanın evinin yaxınlığında qətlə yetirilməsinə münasibət bildirib.
1xeber.media xəbər verir ki, Ermənistanın baş naziri Strasburqda jurnalistlərlə söhbətində deyib.
"Parakarda baş verənlər suallar doğurur. Bu suallar məni də narahat edir".
O, Armavir bölgəsində müxalifətçinin qətli ilə bağlı işdən çıxarılmaların olduğunu etiraf edib. Paşinyan əlavə edib ki, cinayət işində 14 nəfərin adı keçir. Təqsirləndirilən şəxslərin bir qismi həbsdə, digərləri isə ev dustaqlığındadır.
Qeyd edək ki, sentyabrın 24-nə keçən gecə Ermənistanın müxalifət partiyasının nümayəndəsi Aprelu Yerkir Valodya Qriqoryan evinin yaxınlığında qətlə yetirilib. Onun dostu, polis zabiti də öldürülüb. Ermənistan Daxili İşlər Nazirliyi qətldə şübhəli bilinən şəxsin həbs edildiyini açıqlayıb. Onun Merdzavan kəndinin başçısı və hakim “Mülki Müqavilə” partiyasının üzvü Mher Axtoyanın əmisi oğlu Narek Ohanyan olduğu bildirilib. Sentyabrın 28-də müxalifət liderinin qətlində ikinci şübhəlinin həbs olunduğu xəbəri yayılıb. İstintaq orqanları qətlin şəxsi münaqişə olduğu nəzəriyyəsini irəli sürür.