Вернуться назад Распечатать

Bakıda ev almaq istəyənlərin nəzərinə

Ev  sahibi olmaq əksəriyyət üçün əlçatmaz hala gəlir. Belə ki, son illərdə mənzil bazarında qiymətlər sürətlə artsa da, ipoteka kreditlərinin həcmi əksinə azalır. 2025-ci ilin ilk 9 ayında cəmi 354 milyon manat məbləğində ipoteka krediti verilib. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 365 milyon manat idi.

Bu azalma mənzil almaq istəyən vətəndaşlar üçün nə deməkdir? Ev sahibi olmaq doğrudanmı daha da çətinləşir?

1xeber.media xəbər verir ki,Globalinfo.az-a a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, mənzil bazarında müşahidə olunan davamlı artımlar qiymətlərin yüksəlməsinə səbəb olur:

“Pulun dəyəri sürətlə dəyişir, daşınmaz əmlak bazarında buna uyğunlaşma baş verir, nəticədə İpoteka və Kredit Zəmanət Fondu maliyyə risklərini sığortalamaq məcburiyyətində qalır. Bu səbəbdən fondun daha çox məhdudlaşdırıcı və verifikasiya xarakterli siyasət yürütməsi təbiidir. Paytaxtda mənzil qiymətlərinin artmasının əsas səbəblərindən biri də kütləvi söküntülərin aparılmasıdır. Belə proseslər mənzil bazarına birbaşa təsir edir və bu fonda qiymətlərin artması qaçılmaz olur. Prosesin yaxın dövrlərdə də davam edəcəyi, qiymətlərin isə enməyəcəyi proqnozlaşdırılır”.

İqtisadçının sözlərinə görə, bununla yanaşı, ərəb sərmayədarları Bakıda çox böyük tikinti layihələri həyata keçirməyi planlaşdırırlar:

“Layihə əsasən Baksol gölünün ətrafında, bir hissəsi Nərimanov, Nizami və qismən də Binəqədi rayonlarının ərazisinə düşən yerlərdə reallaşdırılacaq. Dəyəri təxminən 5,5 milyard ABŞ  dolları civarındadır. Ərazidə yüksək komfortlu yüz minlərlə mənzilin inşası olacaq. Əgər bu layihə uğurla gerçəkləşərsə, Bakıda mənzil qiymətlərində sabitlik yarana, hətta müəyyən eniş müşahidə oluna bilər. Bu isə əlbəttə ki, alıcılar üçün müsbət xəbərdir. Eyni zamanda, həmin mənzillərin satışı birbaşa layihə icraçıları tərəfindən həyata keçirilərsə, proses daha əlverişli və şəffaf ola bilər”.