Avropa İttifaqı (Aİ) Ukrayna vətəndaşları üçün müvəqqəti müdafiə müddətini 2027-ci ilin mart ayına qədər uzada bilər.
1xeber.media xəbər verir ki, bu barədə “Ölkənin Siyasəti” Telegram kanalı məlumat yayıb.
Ukraynanın Aİ-dəki səfiri Vsevolod Çentsovun dediyi kimi, Kiyev Aİ Şurasının ukraynalılar üçün müvəqqəti müdafiə müddətini 2027-ci ilin mart ayına qədər uzadacağını gözləyir. O əlavə edib ki, Avropa Komissiyasının qərarına “Ukraynadakı təhlükəsizlik vəziyyəti təsir edib, təəssüf ki, yaxşılaşmır”.
"Nəzərə almaq lazımdır ki, Aİ-də müvəqqəti himayə altında olan ukraynalıların təxminən yarısı qadınlar, təxminən üçdə biri isə uşaqlardır, yəni həssas kateqoriyalardır. Aİ, Avropa Komissiyası və üzv dövlətlər bu vəziyyətə məsuliyyətlə yanaşırlar", - Çentsov qeyd edib.
Bundan əvvəl “The New York Times” yazıb ki, ABŞ və Avropa ölkələri arasında Ukraynaya dəstək məsələlərində fikir ayrılıqları iyunda kəskinləşə bilər. Söhbət Yeddilik Qrupu (G7) və NATO-nun qarşıdan gələn sammitlərindən gedir.