1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Lavrov Rubionu Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqların yeni raundu üçün “konkret təkliflər”in hazırlanması barədə məlumatlandırıb, həmçinin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mayın 19-da telefon danışıqları nəticəsində əldə olunmuş razılaşmaların icrasının gedişindən danışıb.
Rubio vurğulayıb ki, Tramp Ukraynadakı münaqişəyə son qoymağı hədəfləyir. Onun sözlərinə görə, Vaşinqton “tərəflərin mövqeləri arasında yaxınlaşmanı asanlaşdırmağa” hazırdır.
Lavrov bir müddət əvvəl bildirib ki, Rusiya iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqların ikinci raundunu keçirməyə hazırdır. Onun sözlərinə görə, Rusiya tərəfi Ukrayna nümayəndə heyətinə memorandum təqdim etməyə hazırlaşır. O, yekunlaşdırıb ki, sənəd Rusiyanın “böhranın əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə” mövqeyini müəyyən edir.