Təhsil eksperti: "Necə olur ki, məktəbdə "5" alan şagird qəbul imtahanında "0" toplayır?"
I-IV ixtisas qrupları üzrə imtahanda iştirak edən abituriyentlərin 27.97 faizi 100-200 bal aralığında nəticə göstərib. Yalnız 11.28 faiz 500-700 bal aralığında nəticə toplaya bilib. 0-100 bal toplayanların faizi isə 13.47-dir. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə qəbul imtahanlarının nəticələrinə dair tədbirdə deyib. O bildirib ki, eyni ixtisas qruplarında qəbul olan abituriyentlərin 46.07 faizi 300-500 bal aralığında nəticə göstərib: “29.37 faizi 200-300 bal aralığında, 5.48 faizi isə 150-200 bal toplayıb.
V ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyentlərin 27.14 faizi 50-100 bal aralığında nəticə göstərib. 27.14 faiz isə 0-50 bal aralığında nəticə göstərib. 200-300 bal toplayanlar 19.86 faiz təşkil edib. V ixtisas qrupu üzrə qəbul olan abituriyentlərin 48.01 faizi 100-150 bal, 27.53 faizi isə 150-200 bal aralığında nəticə göstərib. Yüksək nəticə - 250-300 bal aralığında olanların faizi isə cəmi 3.85-dir".
Qəbul baxımından ən yüksək nəticə göstərən rayonlardan biri Şahbuz rayonu olub. Bu rayonda məzunların 58.39 faizi tələbə adını qazanıb. Ən aşağı nəticələr isə İsmayıllı və Naftalan şəhərlərinə məxsusdur.
Bəzən şagirdlər imtahanda yüksək bal toplasalar da, attestat qiymətləri aşağı olur. Bəzən isə əksinə, məktəbdə yüksək qiymətlər alan bəzi şagirdlər imtahanda zəif nəticə göstərirlər. İmtahanda yüksək bal toplayanların attestat qiymətləri ilə nəticələri arasında ziddiyyətlərin olması bir neçə səbəbdən qaynaqlanır. Bir çox şagirdlər attestat qiymətlərini məktəbdə deyil, daha çox hazırlıq kurslarında və ya fərdi müəllimlərdə hazırlaşmaqla əldə edirlər. Belə olduğu halda məktəbdə davamiyyət zəif olur və nəticədə qiymətlər ya formal şəkildə yazılır, ya da aşağı göstərilir. Bəzi hallarda isə attestat qiymətləri süni şəkildə şişirdilir. Məsələn, abituriyentin imtahan nəticəsi aşağıdır, amma attestatda yüksək qiymətlər göstərilir. Bu hallarda valideynlərin nüfuzundan və ya müəyyən vasitələrdən istifadə olunması ehtimalı yaranır. İmtahanda yüksək nəticə göstərən, amma attestat qiymətləri aşağı olan şagirdlər də olur. Bu zaman isə bəzi hallarda məktəb rəhbərliyi tərəfindən bilərəkdən qiymətlərin aşağı yazılması halları müşahidə olunur.
DİM rəhbərinin açıqladığı rəqəmlər istənilən halda bir daha Azərbaycan məktəblərində təhsilin aşağı səviyyəsini göstərir.
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a deyib ki, imtahan nəticələri ilə attestat qiymətləri arasında kəskin uyğunsuzluqlar təhsil sistemində keyfiyyət problemlərinin mövcud olduğunu təsdiqləyir: “Dövlət İmtahan Mərkəzinin 2024/2025-ci tədris ili üzrə təqdim etdiyi statistik göstəricilər göstərir ki, I-IV ixtisas qruplarında iştirak edən abituriyentlərin yalnız 11.28 faizi 500-700 bal aralığında nəticə əldə edib, bu isə yüksək nəticə göstərə bilənlərin çox az faiz təşkil etdiyini ortaya qoyur. Digər tərəfdən, 100-200 bal aralığında olanların 27.97 faiz, 0-100 bal toplayanların isə 13.47 faiz olması, məktəblərdə verilən qiymətləndirmənin real bilik göstəricilərindən kənar olduğunu açıq şəkildə nümayiş etdirir.
Buna paralel olaraq, attestat qiymətlərinin yüksək olduğu halda imtahan nəticələrinin zəif olması, yaxud əksinə, imtahanda yüksək nəticə göstərənlərin məktəb qiymətlərinin aşağı olması hallarının geniş yayılması sistemin daxili parçalanmasını sübut edir. Bu ziddiyyətin kökündə məktəbdəki qiymətləndirmənin obyektivlikdən uzaq olması, məktəbdənkənar hazırlıq mərkəzlərinin əsas bilik mənbəyinə çevrilməsi və məktəblərin pedaqoji funksiya və nəzarət gücünün azalması dayanır. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsində göstərilir ki, təhsilin məzmunu və təşkili elmi əsaslara və şəxsiyyətin inkişafı məqsədinə uyğun olaraq həyata keçirilməlidir. Lakin real mənzərə göstərir ki, bu prinsip sistematik şəkildə pozulur. Təhsil müəssisələrinin qiymətləndirmə fəaliyyəti nə elmi əsaslara, nə də şəffaf meyarlara əsaslanır. Bu səbəbdən də şagirdlərin qiymətləndirilməsi subyektiv, bəzən isə korrupsiya meyilli yanaşmalarla həyata keçirilir".
Ekspert qeyd edir ki, V ixtisas qrupu üzrə vəziyyət daha acınacaqlıdır: “Bu qrupda 0-100 bal aralığında nəticə göstərənlərin faizi 54.28-dir. Bu göstərir ki, sosial, pedaqoji və iqtisadi ixtisaslara hazırlıq səviyyəsi son dərəcə aşağıdır. 250-300 bal aralığında nəticə göstərənlərin isə cəmi 3.85 faiz olması təhsil sisteminin bu sahədə də uğursuzluğa düçar olduğunu təsdiqləyir.
Bütün bu rəqəmlər göstərir ki, Elm və Təhsil Nazirliyi təhsil sistemindəki bu böhranı, sadəcə, müşahidə edir, ancaq prosesə müdaxilə etmir. Nazirlik nə bu göstəricilərdən nə nəticə çıxarır, nə də maarifləndirmə, təlim, qiymətləndirmə və məktəb-məzun əlaqələrinin təkmilləşdirilməsi istiqamətində konkret fəaliyyət planı ortaya qoyur. İllərdir dəyişməyən standart mövqelərlə çıxış edir və təhsildə dəyişikliklərə passiv yanaşır.
Nazirliyin nə strateji planı, nə də real proqnozları mövcuddur. Qəbul göstəriciləri aşağı olan rayon və şəhərlərlə bağlı heç bir təhlil təqdim edilmir, onların inkişafı üçün lokal müdaxilə proqramları hazırlanıb tətbiq olunmur. Misal üçün, Naftalan və İsmayıllı kimi rayonlarda qəbul faizi 47-dən aşağıdır. Bu nəticələrə görə məktəblərin, müəllimlərin və yerli təhsil idarələrinin fəaliyyətinə dair heç bir ictimai hesabat verilmir, məsuliyyət daşıyan şəxslər barəsində tədbir görülmür. Eyni zamanda yüksək qəbul faizi olan bölgələrin, məsələn, Şahbuz, Qubadlı və Naxçıvanın təcrübəsi sistemli şəkildə öyrənilmir və digərlərinə tətbiq edilmir. Halbuki inkişaf edən ölkələrdə - məsələn, Finlandiyada və Estoniyada - təhsil göstəricilərində regional fərqlər dərindən təhlil olunur və resurslar həmin fərqləri aradan qaldırmaq üçün məqsədli şəkildə bölüşdürülür. Yaxud Cənubi Koreyada attestat qiymətləri və qəbul imtahanları arasında uyğunluğu təmin etmək məqsədilə məktəbdaxili qiymətləndirmənin dövlət tərəfindən təsdiq olunmuş monitorinq sistemləri ilə yoxlanılması həyata keçirilir. Bizdə isə nə məktəb qiymətləri izlənilir, nə də məktəbdənkənar hazırlıq sisteminə dair şəffaf nəzarət mövcuddur".
Kamran Əsədovun fikrincə, attestatın dəyərini qorumaq və imtahan nəticələrini obyektivləşdirmək üçün məktəb qiymətləri ilə yekun imtahanlar arasında fərq olduqda müstəqil monitorinq və araşdırma aparılmalıdır: “Əgər bir şagird imtahanda 500+ bal toplayırsa, amma attestatında 3 və ya 4 varsa, bu, məktəbin qiymətləndirmə mexanizminin saxta və ya qərəzli olduğunu göstərir. Əgər bir başqa şagirdin attestatında yalnız 5-lər varsa, amma imtahanda 80 bal alırsa, bu da onun məktəbdə qiymət almağa yox, münasibət və vasitələrə güvəndiyini göstərir. Təhsilin məqsədi bilik və bacarıq verməkdir, süni göstəricilərlə manipulyasiya yaratmaq yox. "İmtahan balının zəhərə çevrilməsi" dedikdə, məhz bu ədalətsiz yanaşmalar və sistemsizlik nəzərdə tutulur. Təhsildə şəffaflıq təmin olunmadığı müddətcə, real biliyin yox, vasitələrin qələbə çalacağı bir nəsil yetişəcək. Bu isə nə insan kapitalının inkişafına, nə də sosial ədalətin təmininə xidmət edir. Elm və Təhsil Nazirliyi bu prosesi yalnız izləməklə kifayətlənməməli, təşəbbüs göstərməlidir. Strateji planlar hazırlanmalı, məktəb qiymətləndirməsi üzrə yeni mexanizmlər tətbiq edilməli, müəllimlərə və məktəb rəhbərliklərinə qarşı məsuliyyətli yanaşma formalaşdırılmalıdır. Əks halda, statistik rəqəmlər hər il dəyişəcək, amma problem yerində qalacaq. Təhsil isə bu cür rəsmi səssizlik və passiv müşahidə ilə deyil, ardıcıl və cəsarətli islahatlarla inkişaf edir".