Füzuli rayonunda 44 günlük Vətən müharibəsi qazisinin səsləndirdiyi iddialar gündəm olub.
1xeber.media Tribunainfo.az-a istinadla xəbər verir ki, rayon sakini, qazi Quliyev Şahin Famiq oğlu Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyini qanunsuzluqda ittiham edib.
Qazinin sözlərinə görə, o, şəxsi vəsaiti hesabına inşa etdiyi obyektin sökülməsi ilə üzləşib. Qazi iddia edir ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yalnız “pul verənlərə” obyekt tikintisinə icazə verir, lakin o, rüşvət vermədiyi üçün inşaat işləri dayandırılıb və tikili sökülüb.
Quliyev Şahin şikayətində Memarlıq və Tikinti şöbəsinin müdiri Natiq Ağayevin ondan pul tələb etdiyini bildirib.
“Pulu olan rahat tikinti aparır, heç kim ona mane olmur. Amma mən qaziyəm, rüşvət vermədim deyə, obyektimi sökdülər,” – deyə Şahin Quliyev videomüraciətində qeyd edib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, Füzuli Rayon İcra Hakimiyyətindən hər hansı cavab almaq mümkün olmayıb.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.