Suriya Prezidenti Əhməd əş-Şaraa bu gecə fövqəladə müraciətində İsrailə qarşı açıq və sərt mesajlar verib. Prezidentin Bakı vaxtı ilə səhərə yaxın etdiyi çıxış Suriya dövlət televiziyası və “Əl-Cəzirə” kanalı vasitəsilə yayımlanıb.
1xeber.media xəbər verir ki, Əş-Şaraa çıxışında həm regiondakı gərgin vəziyyətə, həm də ölkə daxilindəki proseslərə toxunub.
Prezident bildirib ki, İsrail istəsə, müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil. Onun sözlərinə görə, İsrailin təxribatlarına baxmayaraq, Suriyanın yeni rəhbərliyi sabitliyi qorumaqda qərarlıdır. Əş-Şaraa qeyd edib ki, Türkiyə, ABŞ və ərəb ölkələrinin vasitəçiliyi bölgəni açıq müharibədən xilas edib və bu diplomatik səylər təqdirəlayiqdir.
Dövlət başçısı çıxışında Suriyanın cənubunda yerləşən və əsasən dürzilərin yaşadığı Suveyda vilayətində dövlətin sabitlik yaratmağı bacardığını vurğulayıb. Onun sözlərinə görə, İsrail bu bölgədə nifaq toxumu səpməyə çalışsa da, buna imkan verilməyəcək. Əhməd əş-Şaraa bildirib ki, Suveyda məsələsi ikinci bir elanadək bağlanıb və bu bölgədə dövlətin nəzarəti bərpa olunub.
Prezident çıxışının bir hissəsini məhz dürzi icmasına ünvanlayaraq onların Suriyanın toxumasının ayrılmaz bir hissəsi olduğunu bildirib. O vurğulayıb ki, Suriya heç vaxt parçalanmayacaq, heç bir qrup bu xalqın birliyini poza bilməz və heç kim ölkənin müxtəlifliyi üzərində qurulmuş gözəl imicini ləkələyə bilməz. Onun sözlərinə görə, bu torpaqlarda yaşayan hər kəs bu dövlətin şəriksidir və milli birliyə zərbə vurmaq istəyənlərə qarşı sərt tədbirlər görüləcək.
Ən çox diqqət çəkən məqamlardan biri Prezidentin son bəyanatı olub. O bildirib ki, kim barış istəyirsə, bu məsələdə Əhməd əş-Şaraa hazırdır, lakin kim müharibə istəyirsə, ona Əbu Məhəmməd əl-Culani cavab verəcək. Bu ifadə həm daxili, həm də xarici mesaj daşıyan siyasi və hərbi xəbərdarlıq kimi dəyərləndirilir.
Musavat.com