İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğınla bağlı bir sıra xəbər portallarında yayılan məlumatda bildirilirdi ki, hadisə nəticəsində həlak olan Mehdi Səmədlinin anası onun ölüm xəbərini öyrəndikdən sonra keçinib.
1xeber.media xəbər verir ki, ailənin yaxını jurnalist Amil Hacıyev bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib:
"İyulun 7-də Abşeron Gənclər şəhərciyində yerləşən mənzildə baş verən partlayış zamanı xəsarət alaraq yerləşdirildikləri xəstəxanada dünyasını dəyişən Mehdi Səmədli və Günel Əliyeva mənim yaxınlarımdır. Bütün saytlarda guya "övladının ölüm xəbərini öyrənən ana dözməyərək ölüb" deyə xəbər verilir. Halbuki ananın övladının ölümündən ümumiyyətlə xəbəri olmayıb. Hər ikisi bir gün fərqlə aldıqları ağır yanıq xəsarətlərindən dünyalarını dəyişiblər.
Təəssüf ki, mənbə olan sayta məlumat versək də, xəbəri dəyişmədilər. Mərhumun ailəsi bu barədə məhkəməyə müraciət edəcək. Xahiş edirəm, ailə faciəsini şouya çevirməyək."