Azərbaycanın dövlətə məxsus xüsusi təyyarəsi - 4K-ASG bort nömrəli “Azerbaijan Airlines”a aid “Gulfstream G650” - Bakıdan İrəvana uçub və yerli vaxtla saat 16:01-də “Zvartnots” hava limanına eniş edib.
1xeber.media Musavat.com-a istinadla xəbər verir ki, uçuş 15:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb və 15:55 üçün planlaşdırılan enişdən iki dəqiqə gec - 16:01-də baş tutub.
Hazırda rəsmi qurumlar hadisə ilə bağlı əlavə məlumat verməyiblər. Lakin erməni mənbələri və bir sıra beynəlxalq resurslar xəbər verir ki, bu səfər “ayda bir dəfə” baş tutan Azərbaycan-Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin dialoq görüşü çərçivəsində həyata keçirilib.
Mənbələrin məlumatına görə, 21–22 oktyabr tarixlərində İrəvandakı “DoubleTree by Hilton” otelində iki ölkədən gələn ekspertlərin iştirakı ilə “Sülh gündəliyi” mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə həmçinin Türkiyədən gəlmiş qonaqlar və beynəlxalq təşkilatların müşahidəçiləri də iştirak edəcəklər.
Xatırladaq ki, ötən ayın 22-də də İrəvanda analoji tədbir baş tutmuşdu. O zaman görüşdə Türkiyə və Azərbaycan nümayəndələri NATO Parlament Assambleyasının “Rous–Rot” proqramı çərçivəsində keçirilən 108-ci seminarın iştirakçıları arasında yer almışdılar.
Məlumata görə, bu səfər də həmin proqramın növbəti mərhələsi ilə bağlıdır.