Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı son günlər ardıcıl şəkildə rəsmi siyahılardan silinir. O, artıq Təhlükəsizlik Şurasının üzvləri arasında yoxdur, Prezidentin saytındakı bioqrafiyası çıxarılıb. Həmçinin Yeni Azərbaycan Partiyasından (YAP) uzaqlaşdırılacağı, titullarının əlindən alınacağı barədə məlumatlar yayılır.
Azərbaycanda bundan əvvəl də nüfuzlu şəxslərin, sənət adamlarının dövlət mükafatlarından məhrum edildiyi hallar olub. Məsələn, yazıçı Əkrəm Əylisli bu aqibətlə üzləşən şəxslərdəndir. Onun “Daş Yuxular” romanı ictimai qınaq doğurdu, nəticədə Prezident tərəfindən verilən bütün mükafat və təltiflər ondan alındı.
1xeber.media Globalinfo.az-a istinadla titulları geri alınan şəxslərin siyahısını təqdim edir:
Sabiq baş nazir Surət Hüseynov Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilib.
2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilən sabiq səhiyyə naziri Əli İnsanovdan bir çox titulları, o cümlədən akademik fəxri adı geri alınıb.
2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən, 3 il sonra isə imzalanmış əfv sərəncamı ilə azadlığa çıxan Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib.
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordendən, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda”, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları və digər təltiflərdən məhrum edilib.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov da təltiflərdən məhrum edilənlər siyahısındadır.
Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub.
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov da təltifləri əlindən alan şəxslər arasındadır. O, “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
Goranboy rayonundakı “N” saylı hərbi hissənin sabiq komandiri Rasim Əkbərov 2001-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunub və Milli Qəhrəman adından məhrum edilib.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovun general rütbəsi, həmçinin orden və medalları alınıb.