Bakı Mühəndislik Universitetinin (BMU) fizika sahəsi üzrə məzunu, hazırda Polşadakı Milli Nüvə Tədqiqatları Mərkəzində fəaliyyət göstərən Dr. Amil Əliqayev ağciyər xərçənginin erkən mərhələdə aşkarlanmasına dair mühüm elmi nailiyyət əldə edib.
1xeber.media xəbər verir ki, o, Çin və Varşava texnologiya universitetlərinin tədqiqatçıları ilə birgə xəstəliyin etibarlı biomarkeri hesab olunan hexanal maddəsinin aşkarlanmasını mümkün edən yüksək həssaslıqlı dual-mode biosensor hazırlayıb. Bu innovativ yanaşma ağciyər xərçənginin erkən mərhələdə qeyri-invaziv üsullarla müəyyənləşdirilməsinə yönələn "breathomics" adlı müasir elmi istiqamətin inkişafına əhəmiyyətli töhfə verir. Biosensor hexanal maddəsinə məruz qaldıqda, həm güclü Raman siqnalı verir, həm də mavi rəng alır ki, bu da laborator cihazlarla və adi gözlə aşkarlanmanı mümkün edir. Aparılan testlər nəticəsində biosensorun yüksək həssaslıq, selektivlik, təkrarlanma və uzunmüddətli sabitlik nümayiş etdirdiyi, həmçinin antibakterial aktivliyə malik olduğu müəyyənləşdirilib.
Elmi qrup bu biosensoru ağız maskalarına və tor əsaslı qurğulara inteqrasiya edərək 20 ağciyər xərçəngi xəstəsi və 20 sağlam şəxs üzərində sınaqlar aparıb. Nəticələr xəstələrin nəfəs nümunələrində hexanalın mövcudluğunu dəqiq və sürətli şəkildə müəyyən etməyə imkan verib. Bundan əlavə, tədqiqatçılar “ColorSeek” adlı süni intellekt əsaslı rəng tanıma sistemini də inkişaf etdiriblər. Dərin öyrənmə metoduna əsaslanan bu sistem, sensorun rəng dəyişikliklərini smartfon və kompüter vasitəsilə real vaxtda 95%-dən yüksək dəqiqliklə analiz edə bilir. Tədqiqat nəticələri Chemical Engineering Journal-da (DOI: 10.1016/j.cej.2025.168343) “Dual-mode SERS and colorimetric sensor for lung cancer VOC-biomarker detection using hydrogel patches” adlı məqalə şəklində dərc olunub və elmi ictimaiyyətdə geniş maraq doğurub. Eyni zamanda bu tədqiqat Polşa, Çin və bir sıra digər ölkələrin mətbuatında trendə çevrilib.
Qeyd edək ki, BMU-nu fərqlənmə diplomu ilə bitirən Amil Əliqayev akademik fəaliyyətinə universitetin Fizika kafedrasında başlayıb. Kondensə olunmuş maddələr fizikası sahəsinə dərin marağı onu xaricdə magistratura təhsilinə yönəldib. Çin Elektron Elm və Texnologiya Universitetinin magistr dərəcəsini fərqlənmə ilə başa vurub, həmçinin 2025-ci ildə adıçəkilən universitetdə fəlsəfə elmləri doktorluğu (Ph.D) dərəcəsi alıb. Elmi nailiyyətlərinə görə “Honorary Credential” (Summa Cum Laude) mükafatına layiq görülüb. Hazırda Amil Əliqayev Polşanın Milli Nüvə Araşdırmaları Mərkəzində yerləşən NOMATEN CeO İnstitutunun Multiscale Hybrid Modeling of Materials tədqiqat qrupunun üzvüdür. Çin, Fransa, Finlandiya və İngiltərənin aparıcı beynəlxalq elmi qurumları ilə birgə elmi araşdırmalar aparır. Tədqiqat fəaliyyətindən əlavə Entropy (MDPI) jurnalında Guest Editor kimi fəaliyyət göstərərək Su-Nanomaterial Qarşılıqlı Təsirlərinin Araşdırılması üzrə qabaqcıl elmi işlərin yayılmasında mühüm rola sahibdir.

















