Yollarda hərəkət zolağının tez-tez dəyişdirilməsi qəza və sıxlığa səbəb olur.
1xeber.media xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə müraciət edib.
Qeyd edilib ki, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, hərəkət zolağının gediləcək istiqamət üzrə vaxtında və düzgün seçilməsi, yol nişanlarının tələblərinə ciddi riayət edilməsi sürücü intizamının və yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindəndir: “Təəssüf ki, bəzi hallarda sürücülər tələsik və ya məsuliyyətsiz davranışla zolaqları tez-tez dəyişir, nişanlanmanı və digər iştirakçıları nəzərə almadan hərəkət edir. Bu cür hallar nəticəsində yollarda qarışıqlıq, süni sıxlıq və qəza riski yaranır. Hər bir sürücü öz zolağında, müəyyən olunmuş istiqamət üzrə nizamlı hərəkət etsə təbii ki, nəqliyyatın stabil axını təmin olunmaqla sıxlığın qarşısı alınar, ləngimələrin və qəzaların sayı minimuma enər. Unutmayaq ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər birimizin məsuliyyətidir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, yollarda hərəkət zolaqlarını dəyişmək yalnız qaydalarla müəyyən edilmiş hallarda və müvafiq dönmə siqnalı verməklə mümkündür. Hər bir sürücü yollarda intizamlı və məsuliyyətli davranarsa, yollarımız daha rahat və təhlükəsiz olar”.
















