“Milli Məclisin sədr müavini Rafael Hüseynovun VHP-dən istefa verdiyi barədə xəbərlər doğru deyil”.
Bu barədə 1xeber.media-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.
O qeyd edib:
“Rafael Hüseynovun nə istefa ərizəsi daxil olub, nə də inanmıram ki, belə bir fikri olsun. Bu məsələ mümkün olası deyil. Rafael müəllimlə bağlı məsələ partiya daxili məsələdir və şişirdilməli məsələ deyil. Partiyadaxili intizam tədbiri görülüb. Məsələ bitib.
Milli Məclisdə də İntizam Komissiyası var və hansısa deputat intizam tədbiri kimi töhmət veriləndə məgər həmin şəxs deputatlıqdan istefa verir? Təbii ki, yox”.
Xatırladaq ki, 4 gün öncə Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından olan deputat Rafael Hüseynovun parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP-nin vitse-spikerə töhmət verməsi ciddi müzakirələrə səbəb olub. Bu gün isə bəzi informasiya resurslarında Rafael Hüseynovun artıq VHP-dən istefa verdiyi, bu barədə partiyaya ərizə yazdığı barədə xəbərlər gedib. Bəzi xəbərlərdə isə partiyanın vitse-spikerə töhmət verməsi ilə bağlı Rafael Hüseynovun VHP-dən istefa verəcəyi yazılıb.
















