Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Beyləqan rayonunda həyata keçirilən silsilə tədbirlər davam etdirilir. Bu tədbirlər ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü fəaliyyətlərlə də müşayiət olunur.
1xeber.media xəbər verir ki, bu çərçivədə rayonun Əlinəzərli kəndində növbəti ağacəkmə aksiyası təşkil olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti qurumların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Aksiya çərçivəsində iqlim şəraitinə uyğun ağac tingləri əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib və ərazinin yaşıllaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Bu kimi tədbirlər rayon ərazisində ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllıq sahələrinin artırılmasına mühüm töhfə verir.























