Türkiyənin Aydın vilayətində heyvanlar arasında yayılan dabaq xəstəliyi səbəbindən genişmiqyaslı karantin tədbirləri tətbiq olunub. Yerli medianın yaydığı məlumata görə, Yenibazar rayonunun Hacıkosalar məhəlləsində xəstəliyin aşkarlanmasından sonra ətraf ərazilərdə də ciddi məhdudiyyətlər qüvvəyə minib.
1xeber.media Mətbuat.az-a istinadla xəbər verir ki, Yenibazar və Çinə rayonlarında ümumilikdə 17 məhəllə karantin zonasına daxil edilib.
Karantin tətbiq olunan ərazilərdə heyvanların alqı-satqısı, eləcə də giriş-çıxışı tamamilə dayandırılıb. Səlahiyyətli qurumlar xəstəliyin daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün nəzarət tədbirlərini gücləndirib.
Bildirilib ki, hazırda rayon kənd və meşə təsərrüfatı idarələrinin əməkdaşları ərazilərdə monitorinqlər aparır, dezinfeksiya və profilaktik tədbirləri davam etdirirlər. Türkiyə mediası qeyd edib ki, vəziyyət nəzarətdə saxlanılsa da, bölgədə heyvandarlıqla məşğul olan sakinlər arasında narahatlıq artıb.

















