Mayın 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
1xeber.media xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ümummili Liderin anadan olmasının 103-cü ildönümü ilə bağlı hazırlanan videoçarx nümayiş etdirilib.
Daha sonra ŞİH başçısı Taleh Qaraşov geniş məruzə ilə çıxış edib. Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verən icra başçısı bildirib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.Onun sözlərinə görə, Ümummili Lider ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmış, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Ulu Öndərin ölkənin siyasi, iqtisadi, diplomatik, hərbi, sosial, ictimai, hüquqi, mədəni və s. həyatındakı misilsiz, əvəzolunmaz fəaliyyəti barədə danışan natiq məhz onun müəyyən etdiyi milli inkişaf strategiyasının Azərbaycanın daxildə və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə səbəb olduğunu vurğulayıb: ”Onun formalaşdırdığı azərbaycançılıq ideologiyası milli birliyin əsas sütunlarından biri oldu. Bu ideologiya xalqın tarixi yaddaşının bərpasına, milli-mənəvi dəyərlərin qorunmasına və dünya azərbaycanlılarının həmrəyliyinə xidmət etdi”.
Taleh Qaraşov Ümummili Liderin müəyyən etdiyi dövlətçilik ideyalarının bu gün layiqincə davam etdirildiyini, bu kursun ən sadiq və qətiyyətli davamçısının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olduğunu, cənab İlham ƏliyevinUlu Öndərin ideyalarına əsaslanaraq ölkəmizi yeni inkişaf mərhələsinə yüksəltdiyini bildirib: “Onun rəhbərliyi ilə Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə böyük nailiyyətlər əldə etmişdir. Ölkəmizdə sabitlik qorunmuş, güclü iqtisadiyyat formalaşdırılmış, beynəlxalq əlaqələr genişlənmişdir. Xüsusilə dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində qazanılan uğurlar hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir”.
Daha sonra Lənkəran rayon YAP sədri İqbal Əmənullayev, Lənkəran ŞİH yanında İctimai Şuranın sədri Əlimərdan Əliyev, LDU-nin aparıcı mütəxəssisi İlqar İsazadə, gənc sahibkar Lənkəran konserv zavodunun direktoru Nurlan Əliyev çıxış ediblər. Bildirilib ki, Heydər Əliyevin həyat yolu xalqa sədaqətin, dövlətçiliyə xidmətin və milli maraqların qorunmasının parlaq nümunəsidir və xalqımız yeni əsrə və yeni minilliyə Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olub. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirib. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olub, sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsası qoyulub. Ulu Öndər Heydər Əliyev “dünənin, bu günün və sabahın partiyası”nı yaradıb.
Rəsmi çıxışlardan sonra konsert proqramı keçirilib.































