Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb, lakin qürurverici yolun siyasi və tarixi mənzərəsini bir daha ortaya qoydu. Dövlət başçısının çıxışı yalnız Zəngilanın bərpası və bölgədə həyata keçirilən quruculuq layihələri ilə məhdudlaşmır, bütövlükdə Azərbaycan dövlətinin keçdiyi yolun, xalqımızın üzləşdiyi ağır sınaqların, əldə etdiyimiz tarixi qələbənin və qarşıda duran strateji hədəflərin dərin təhlili kimi mühüm əhəmiyyət daşıyır.
1xeber.media xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında politoloq Aydın Tağıyev deyib.
O bildirib ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlər, hərbi hazırlığın kifayət qədər olmaması və bəzi rəhbərlərin məsuliyyətsizliyi, hətta xəyanəti çox da uzaq olmayan tarixin yaddaşdır. Bu acı təcrübə Azərbaycan üçün mühüm dərs oldu və güclü, müasir ordu quruculuğunun tarixi zərurətə çevrildi. Məhz həmin dövrün çatışmazlıqları sonrakı illərdə peşəkar, intizamlı və texnoloji baxımdan inkişaf etmiş silahlı qüvvələrin formalaşdırılmasının əsas səbəbi olduO
Politoloq bildirib ki, 2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyev tərəfindən “tam, mütləq, birmənalı qələbə”idi. Bu ifadə Azərbaycanın dövlət gücünü, hərbi potensialını və xalqın birliyini ön plana çıxarır. Müharibə yalnız hərbi uğur deyil, həm də milli iradənin təntənəsi kimi təqdim edilir. Müharibənin gedişində Şuşanın azad olunması strateji dönüş nöqtəsi hesab edilir. Bu hadisə Ermənistan ordusunun “belinin qırılması” ifadəsi ilə simvolik şəkildə vurğulanır.
Müharibənin gedişatını, Prezident İlham Əliyev xarici siyasət və beynəlxalq münasibətlər müstəvisindən çox aydın şəkildə izah etdi. “ATƏT Minsk qrupu və böyük güclər Qarabağın Azərbaycana qaytarılmasını süni şəkildə uzatmağa çalışırdılar. Müharibə dövründə nüvə dövlətləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Azərbaycanın iradəsini zəiflətmək istəsə də, nəticə vermədi. Avropa müşahidəçilərinin fəaliyyəti isə real təsir gücündən uzaq, formal bəyanatlardan ibarət idi. Azərbaycanın gücü qarşısında bu təşkilatlar aciz qaldı. Nəticədə, Azərbaycan öz iradəsi ilə süni maneələri aşaraq Qarabağı azad etdi", - deyə A.Tağıyev qeyd edib.
Onun sözlərinə görə, Qarabağın azadlığı Azərbaycanın beynəlxalq səviyyədə öz sözünü demək gücünü nümayiş etdirməsi ölkəmizin beynəlxalq uğurunun bariz nümunəsidir. Prezident İlham Əliyevin siyasi fəaliyyətində diqqət çəkən əsas məqam onun verdiyi bütün vədləri ardıcıl şəkildə həyata keçirməsidir. O, hər bir bəyanatını konkret nəticələrlə təsdiqləyərək sözünə sadiq olduğunu nümayiş etdirir. Bu xüsusiyyət həm dövlət idarəçiliyində etibarlılıq yaradır, həm də xalqın inamını gücləndirir: "Bunun bariz nümunəsi kimi onu demək olar ki, Zəngilanın bərpası çərçivəsində hava limanı, konqres mərkəzi, yeni yaşayış məhəllələri, məktəblər və məscidlər kimi mühüm layihələr həyata keçirilir. Bu proses Azərbaycanın “qurucu xalq” olduğunu göstərir və dövlətin yenidənqurma gücünü nümayiş etdirir. Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvanla birləşdirilməsi və regionun beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində strateji hədəf kimi göstərilir. Bu dəhliz həm iqtisadi, həm də geosiyasi baxımdan ölkənin mövqeyini gücləndirən layihədir. Enerji layihələri çərçivəsində Zəngilanda su və günəş enerjisi ilə müstəqil enerji təminatı yaradılır. Bu, Azərbaycanın “yaşıl enerji” siyasətinə uyğun olaraq həm ekoloji dayanıqlılığı, həm də enerji müstəqilliyini təmin edən addım kimi təqdim olunur. Beləliklə, Zəngilanın bərpası, Zəngəzur dəhlizi və enerji layihələri bir-birini tamamlayan strateji istiqamətlər kimi Azərbaycanın gücünü, müasir inkişaf modelini və gələcəyə baxışını əks etdirir".
Politoloq diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Zəngilanda çıxışı Azərbaycanın keçmişini, bu gününü və gələcəyini bir siyasi manifest kimi ortaya qoyur. Burada tarixi yaddaş Ulu Öndər Heydər Əliyevin mirası, milli birlik xalqla-iqtidarın həmrəyliyi, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatları, quruculuq siyasəti, “Böyük Qayıdış” proqramı, ekoloji bərpa və strateji baxış, Zəngəzur dəhlizi layihəsi vahid konseptdə birləşdirilir. Bu konsepsiya Azərbaycanın yalnız müharibədə qalib olduğunu deyil, eyni zamanda quruculuq missiyasını həyata keçirən dövlət olduğunu göstərir. Zəngilanın bərpası, yeni infrastruktur layihələri, yaşıl enerji siyasəti və regional nəqliyyat mərkəzinə çevrilmə hədəfi ölkənin müstəqil siyasət yürütmə gücünü təsdiqləyir. Beləliklə, Prezidentin çıxışı Azərbaycanın regionda yeni reallıqları müəyyən edən, tarixi ədaləti bərpa edən, həm qalib, həm də qurucu dövlət olduğunu siyasi baxımdan dolğun şəkildə ortaya qoyur.
















