Azərbaycanlı gənc peşəkar Məryəm Novruzi 24 yaşında dünyanın ən nüfuzlu memarlıq və dizayn şirkətlərindən biri olan Zaha Hadid Architects şirkətində Business Development Manager vəzifəsinə təyin olunub.
1xeber.media xəbər verir ki, o, fəaliyyətini şirkətin London ofisində davam etdirəcək.
Bu uğur yalnız şəxsi karyera addımı deyil, həm də beynəlxalq arenada uğur qazanmaq istəyən gənc azərbaycanlılar üçün ilhamverici nümunə hesab olunur.
Məryəm Novruzi bundan əvvəl Londonda yerləşən beynəlxalq hüquq şirkəti Greymore daxilində biznes inkişafı, beynəlxalq tərəfdaşlıqlar və strateji kommunikasiya istiqamətində fəaliyyət göstərib. O, xüsusilə Azərbaycan, Türkiyə, Böyük Britaniya və Mərkəzi Asiya regionları arasında biznes əlaqələrinin qurulması, investor münasibətləri və beynəlxalq layihələrin inkişafı sahəsində çalışıb.
Peşəkar fəaliyyəti ilə yanaşı, Məryəm Novruzi illərdir sosial media və şəxsi brend sahəsində də aktivdir. O, gənclər arasında motivasiya, özünü inkişaf, sağlam həyat tərzi və beynəlxalq düşüncə tərzinin formalaşdırılması istiqamətində tanınır. Onun müxtəlif platformalarda milyonlarla baxış toplayan çıxışları və layihələri xüsusilə gənc nəsil arasında böyük maraq doğurur.
Dünyaca məşhur memar Zaha Hadid tərəfindən qurulan Zaha Hadid Architects şirkəti innovativ və futuristik layihələri ilə tanınır və dünyanın ən prestijli memarlıq şirkətlərindən biri hesab olunur.
Məryəm Novruzi yeni vəzifəsi ilə bağlı bildirib:
"Azərbaycanlı bir gənc kimi beynəlxalq səviyyədə bu cür şirkətdə təmsil olunmaq mənim üçün böyük qürurdur. Mən istəyirəm ki, gənclər xüsusilə başa düşsünlər ki, haradan gəldiyiniz deyil, özünüzü necə inkişaf etdirdiyiniz önəmlidir. Dünya artıq hər kəs üçün açıqdır və böyük məqsədlər qurmaqdan qorxmamaq lazımdır."
24 yaşında beynəlxalq biznes mühitində belə bir vəzifəyə təyin olunması Məryəm Novruzinin həm peşəkar inkişafının, həm də Azərbaycanlı gənclərin qlobal arenada artan potensialının göstəricisi kimi qiymətləndirilir.
















