Azərbaycan hazırda dünyanın şəhərsalma sahəsində ən nüfuzlu platformalarından biri
hesab olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev
sahibliyi edir. Bu forumun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya
proseslərinə verdiyi töhfənin və ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın
göstəricisidir. Ölkəmiz uzun illərdir müxtəlif beynəlxalq təşkilatların mühüm tədbirlərinin
keçirildiyi məkan kimi tanınır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı
ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması da dövlətin bu sahəyə verdiyi
xüsusi önəmin bariz nümunəsidir.
Azərbaycan bu gün şəhərsalma və memarlıq istiqamətində dünyanın qabaqcıl
ölkələrindən biri hesab olunur. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq
layihələri bir çox dövlətlər üçün nümunə ola biləcək səviyyədədir. Bu siyasətin əsası isə
Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra qoyulub. Həmin
dövrdən başlayaraq Azərbaycanda şəhər və kəndlərin abadlaşdırılması, tarixi-memarlıq
abidələrinin qorunması, yeni yaşayış məntəqələrinin salınması istiqamətində mühüm addımlar
atılıb.
Müstəqillik illərində isə Azərbaycan müasir və modern inkişaf mərhələsinə qədəm
qoydu. Paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif bölgələrində mövcud problemlərin
aradan qaldırılması üçün baş planlar hazırlandı və bu planlar əsasında geniş infrastruktur
layihələri həyata keçirildi. Müasir parklar, körpülər, yol qovşaqları, metro və dəmir yolu xətləri
tikildi, sosial və humanitar layihələr reallaşdırıldı.
Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Fondun
təşəbbüsü ilə yeni məktəblər, mədəniyyət ocaqları, idman kompleksləri və digər sosial
obyektlər inşa edildi.
“Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham
Əliyevin rəhbərliyi ilə bu siyasət bu gün də uğurla davam etdirilir. Xüsusilə 44 günlük Vətən
müharibəsindən sonra azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı
yenidənqurma və şəhərsalma layihələrinə start verilib. “Ağıllı kənd”, “Ağıllı şəhər” və “Yaşıl
enerji” konsepsiyalarına əsaslanan layihələr regionun müasir standartlara uyğun şəkildə
yenidən qurulmasını təmin edir.
Hamıya məlumdur ki, Ermənistanın işğalı nəticəsində Qarabağda şəhər və kəndlərimiz
tamamilə dağıdılmış, uzun illər ərzində həmin ərazilərdə daş üstə daş qalmamışdı. Lakin qısa
müddət ərzində Qarabağda beynəlxalq hava limanlarının tikilməsi, yeni avtomobil və dəmir
yollarının çəkilməsi, müasir kənd və şəhərlərin qurulması Azərbaycanın şəhərsalma
sahəsində əldə etdiyi uğurların bariz göstəricisidir. Bu gün dünyada belə qısa zaman ərzində
bu qədər genişmiqyaslı quruculuq işləri həyata keçirən ikinci bir ölkə göstərmək çətindir.
Məhz buna görə də Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi
olduqca mühüm və təqdirəlayiq hadisədir. Forum çərçivəsində müxtəlif ölkələrin dövlət və
hökumət başçılarının, nazirlərin, parlament rəhbərlərinin, alimlərin və iş adamlarının
Azərbaycana səfər etməsi bir daha göstərir ki, ölkəmizə beynəlxalq maraq və etimad olduqca
böyükdür
Bu gün Azərbaycan şəhərsalma, memarlıq və müasir infrastruktur quruculuğu
sahəsində dünya üçün nümunə hesab olunur. Son yarım əsrdə ölkəmizdə görülən işlər bir çox
dövlətlərin əsrlər boyu həyata keçirdiyi layihələrlə müqayisə edilə biləcək səviyyədədir. Bu
baxımdan forumun Azərbaycanda keçirilməsi həm region, həm Avrasiya məkanı, həm də
bütövlükdə dünya üçün mühüm əhəmiyyət daşıyır.
Faiq Fərəcov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi,
Memarlıq və tikinti mələləri sektoru, şöbə müdirinin müavini-sektor müdiri

















