“Azərbaycan Hava Yolları”nın əməkdaşları bizimlə əlaqə saxlayaraq şəxsiyyət vəsiqələrimizin surətini göndərməyimizi xahiş etdilər. Bildirildi ki, bu sənədlər vərəsəliklə bağlı prosedurların hazırlanması üçün lazımdır.
1xeber.media xəbər verir ki,bunu Musavat.com-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev deyib.
Onun sözlərinə görə, təxminən bir həftə əvvəl şəxsiyyət vəsiqəsinin surətini təqdim edib:
“Bizə kompensasiya ilə bağlı hər hansı məlumat verilmədi. Sadəcə qeyd olundu ki, ehtiyac yaranarsa, bizi çağırıb əlavə məlumat təqdim edəcəklər. Bundan başqa heç bir informasiya verilməyib. Ola bilər ki, Rusiya tərəfi kompensasiya ödəsin, amma bu barədə bizə konkret heç nə deyilmədi”.
Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı marşrutu üzrə J2-8243 reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Təyyarənin Qroznı üzərində Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu açıqlanıb.

















