İş günləri bitmək bilmir, amma həftəsonu sanki bir anın içində keçir.
1xeber.media xəbər verir ki, bir çox insanın hər gün yaşadığı bu hissin səbəbi ilə bağlı bir qrup alim maraqlı araşdırma aparıb.
ABŞ-də aparılan araşdırma beynimizin zamanı düşündüyümüz kimi ölçmədiyini göstərib.
Alimlərin araşdırmasına görə, beyin zamanı saatın rəqəmlərinə görə deyil, yaşadığımız hadisələrin və yeni təcrübələrin sayına görə hiss edir. Yəni gün ərzində nə qədər fərqli şey yaşayırıqsa, beynimiz zamanı da fərqli qəbul edir.
Məsələn, hər gün eyni işə gedən, eyni masada oturan və eyni rutinlə yaşayan insan bir müddət sonra “avtopilot” rejiminə keçir. Beyin yeni məlumat almadığı üçün insan tez-tez saata baxmağa başlayır. Bu zaman dəqiqələr daha uzun görünür, gün isə bitmək bilmir.
Mütəxəssislər bildirir ki, həbsxana həyatının çətin hissələrindən biri də məhz budur. Eyni mühit və dəyişməyən gündəlik rutin insanın zamanı daha ağır hiss etməsinə səbəb olur.
Ancaq maraqlı tərəf budur ki, geriyə baxanda monoton keçən aylar və illər çox qısa görünür. Çünki beyin həmin dövrdən az xatirə topladığı üçün keçmiş sanki “boşluq” kimi yadda qalır.
Səyahət zamanı isə tam fərqli proses baş verir. Yeni şəhərlər, fərqli insanlar, dadlar və mənzərələr beynə çoxlu yeni məlumat verir. İnsan saatı izləməyi unudur və zaman sürətlə keçirmiş kimi görünür. Amma sonradan həmin günlərə baxanda sanki çox uzun bir müddət yaşamış kimi hiss edir.
Alimlər deyirlər ki, həyatı daha dolu və uzun hiss etməyin yolu çox sadədir: gündəlik həyata kiçik yeniliklər qatmaq. Gəzmək, fərqli kitab oxumaq, başqa marşrut seçmək və ya yeni hobbi tapmaq beynin “avtopilot” rejimindən çıxmasına kömək edir.















