Bu bir gerçəklikdir ki, Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan nüfuzu, qlobal təşəbbüslərdə fəal iştirakı və regionda lider dövlət kimi mövqeyinin daha da möhkəmlənməsi həyata keçirilən məqsədyönlü dövlət siyasətinin mühüm nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan çoxşaxəli inkişaf strategiyası Azərbaycanın yalnız siyasi və iqtisadi sahədə deyil, həm də dayanıqlı inkişaf, müasir şəhərsalma, ekoloji təhlükəsizlik və postmünaqişə dövrünün idarə olunması istiqamətlərində beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
1xeber.media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, müasir dövrdə Azərbaycan regional əməkdaşlığın əsas təşəbbüskarlarından biri olmaqla yanaşı, qlobal çağırışların həllinə töhfə verən və beynəlxalq gündəliyin formalaşdırılmasında fəal iştirak edən nüfuzlu dövlətlər sırasında yer alır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın güclü dövlətçilik modelini və strateji idarəetmə imkanlarını beynəlxalq ictimaiyyətə nümayiş etdirir.
“Uzun illər Ermənistanın işğal siyasəti nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulması, burada müasir urbanizasiya prinsiplərinin tətbiqi və yüksək texnologiyalara əsaslanan yaşayış məkanlarının formalaşdırılması dövlətin siyasi iradəsinin, iqtisadi gücünün və inkişaf strategiyasının bariz nümunəsidir. Həyata keçirilən layihələr yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda, müasir həyat tərzinin, sosial rifahın və dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri beynəlxalq diqqət mərkəzindədir. Həmin layihələr rəqəmsal idarəetmə sistemlərinin, innovativ texnologiyaların, yaşıl enerji həllərinin və ekoloji tarazlıq prinsiplərinin vahid konsepsiya çərçivəsində tətbiqinə əsaslanır. Bu yanaşma göstərir ki, Azərbaycan postmünaqişə dövründə təkcə dağıntıların nəticələrini aradan qaldırmır, eyni zamanda, gələcəyin şəhər modelini formalaşdırır. Yeni yaşayış məkanlarında enerji səmərəliliyi, ekoloji təhlükəsizlik, alternativ enerji mənbələrinin tətbiqi, müasir nəqliyyat infrastrukturu və rəqəmsal xidmətlərin inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib. Bu model artıq bir sıra beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən innovativ inkişaf nümunəsi kimi qiymətləndirilir”, - deyə M.İbrahimqızı əlavə edib.
O bildirib ki, Azərbaycanın beynəlxalq şəhərsalma siyasətində artan rolu BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat ilə əməkdaşlıq çərçivəsində də özünü aydın şəkildə göstərir. Prezident İlham Əliyevin UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbax ilə keçirdiyi görüşdə şəhərsalma, dayanıqlı şəhər inkişafı və postmünaqişə ərazilərinin bərpası məsələlərinin müzakirəsi Azərbaycanın bu sahədə mühüm beynəlxalq tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirib. Xüsusilə COP29-dan sonra Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi barədə qəbul olunan qərar ölkəmizin beynəlxalq nüfuzunun və qlobal şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisidir. Bu tədbir BMT sistemi çərçivəsində urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qiymətləndirildiyini təsdiqləməklə yanaşı, onun yüksəksəviyyəli qlobal tədbirlərin təşkili və keçirilməsi sahəsində formalaşdırdığı institusional potensialı və zəngin təcrübəni də əks etdirir.
“Qeyd etdiyim kimi, son illərdə Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin qlobal miqyasda artan nüfuzunu və etimadını, eyni zamanda, mühüm beynəlxalq dialoq və əməkdaşlıq platformasına çevrildiyini göstərir. Xüsusilə COP29 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu tədbir ölkəmizin iqlim siyasəti, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf sahəsində fəal mövqeyini beynəlxalq ictimaiyyətə təqdim etməklə yanaşı, qlobal çağırışların həllinə verdiyi töhfələri nümayiş etdirdi. Bunun davamı olaraq, WUF13-ün Azərbaycana həvalə olunması göstərir ki, ölkəmiz artıq yalnız beynəlxalq tədbirlərin keçirildiyi məkan deyil, həm də qlobal qərarların və inkişaf yanaşmalarının formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilir. Müasir dövrdə şəhərsalma siyasəti artıq təkcə tikinti və infrastruktur məsələləri ilə məhdudlaşmır. Bu sahə iqlim təhlükəsizliyi, sosial rifah, enerji səmərəliliyi, ekoloji dayanıqlılıq və innovativ idarəetmə prinsipləri ilə sıx bağlıdır. Azərbaycan isə bu yanaşmaları praktik müstəvidə tətbiq edən ölkələr sırasında yer alır. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” konsepsiyası, alternativ enerji mənbələrinin tətbiqi və ekoloji layihələr dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Bununla yanaşı, Azərbaycanın şəhərsalma siyasətində milli-mənəvi dəyərlərlə müasir urbanizasiya prinsiplərinin uzlaşdırılması diqqət çəkir. Şuşanın tarixi-mədəni simasının qorunmaqla bərpası, Ağdamın yeni Baş plan əsasında yenidən qurulması, həmçinin Zəngilanda və Füzulidə həyata keçirilən “ağıllı kənd” layihələri göstərir ki, Azərbaycan milli irsin qorunmasını müasir texnologiyalar və beynəlxalq standartlarla uğurla uzlaşdırır. Bu yanaşma həm milli kimliyin qorunmasına, həm də müasir və komfortlu yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hazırda yalnız regionun deyil, daha geniş coğrafiyanın inkişaf gündəliyinə təsir göstərən dövlətlərdən birinə çevrilib. Ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və qlobal çağırışlara innovativ həllər təqdim edən mühüm aktor kimi mövqeyini daha da gücləndirir”, - deyə o əlavə edib.
















