İş münasibətləri çərçivəsində əməkhaqqının hesablanması və ondan mümkün tutulmalar əmək qanunvericiliyinin ən həssas və mübahisəli məqamlarından biridir. İşçinin maddi məsuliyyəti, vəzifə öhdəliklərinin pozulması və intizam qaydalarının tətbiqi bu prosesdə əsas hüquqi əsasları müəyyən edir.
Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, işəgötürənlə işçi arasında tam maddi məsuliyyət müqaviləsi bağlandıqda, xüsusilə işçi maddi dəyərlərlə, məsələn, kassir və ya xəzinədar kimi vəzifədə çalışdıqda, onun üzərinə tam maddi məsuliyyət düşür:
"Belə hallarda işçinin sərəncamında olan pul və digər maddi vəsaitlərin qorunmasına görə birbaşa cavabdehlik yaranır. Əgər yoxlama zamanı kassada çatışmazlıq aşkar edilərsə, bu halda həmin məbləğ işçinin maddi məsuliyyət daşıdığı çərçivədə onun əməkhaqqısından qanunvericilikdə nəzərdə tutulan qaydada tutula bilər.
Bu zaman işçinin mütləq şəkildə cinayət niyyəti ilə hərəkət etdiyi və ya oğurluq etdiyi sübuta yetirilməyə bilər. Çatışmazlıq çox vaxt yanlış hesablama, pulun qəbul və ya təhvil verilməsi zamanı yol verilən səhvlər və ya diqqətsizlik nəticəsində də yarana bilər. Buna baxmayaraq, tam maddi məsuliyyət müqaviləsi mövcud olduqda, işçi yaranmış ziyana görə cavabdehlik daşıyır".
Vəkil deyib ki, ikinci əsas məsələ isə işçinin əmək intizamı pozuntularıdır:
"Məsələn, işə gecikmə, üzrsüz səbəbdən iş yerində olmama və ya digər daxili qayda pozuntuları buna aiddir. Lakin bu hallarda əməkhaqqından tutulmalar yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və mütləq şəkildə kollektiv əmək müqaviləsində və ya daxili qaydalarda əvvəlcədən nəzərdə tutulduğu halda tətbiq edilə bilər. Yəni işəgötürən hər hansı tutulmanı özbaşına deyil, yalnız razılaşdırılmış və hüquqi əsas olan hallarda həyata keçirə bilər",- deyə vəkil qeyd edib.
Məsələnin digər tərəfi isə əməkhaqqından tutulan məbləğin həddi ilə bağlıdır. Əmək Məcəlləsinə əsasən, işçinin aylıq maaşından icazəsiz və əsassız kəsintilər edilə bilməz. Hətta qanuni əsaslar olduqda belə, hər ay tutulan məbləğin ümumi həddi işçinin aldığı maaşın müəyyən faizindən (adətən 20-50 faizdən) çox olmamalıdır. İşəgötürən özbaşına qərar verərək işçini tamamilə maaşsız qoya bilməz. Əgər vurulan ziyan böyükdürsə və işçi bunu ödəməkdən imtina edirsə, məsələ daxili əmrlə deyil, yalnız məhkəmə qaydasında həll edilməlidir.
Bundan başqa, müəssisədə maddi çatışmazlıq aşkar edildikdə mütləq daxili təhqiqat aparılmalı və aktlaşdırılmalıdır. Kassada və ya anbarda pulun, malın əskik olması faktı rəsmi komissiya tərəfindən sənədləşdirilməlidir. İşçinin izahatı alınmadan, təqsiri və ya səhlənkarlığı sübut olunmadan birbaşa maaş kəsintisi etmək hüquqi baxımdan qanunsuzdur. Belə hallarla qarşılaşan işçilər Dövlət Əmək Müfəttişliyinə və ya məhkəməyə müraciət edərək hüquqlarını bərpa edə bilərlər.
Yəni, iş yerində kassadan pul əskik çıxarsa və ya işçi qaydaları pozarsa, rəhbərlik maaşdan dərhal və özbaşına pul kəsə bilməz; bunun üçün əvvəlcədən imzalanmış rəsmi müqavilə, xüsusi qaydalar və qanunla müəyyən edilmiş hədd olmalıdır.
















