Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri
kimi daim xüsusi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev tərəfindən mayın 25-də
kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər göstərir ki, bu
sahənin inkişafı ölkənin iqtisadi təhlükəsizliyi, regionların tərəqqisi və əhalinin sosial rifahı
baxımından strateji əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, hələ 2004-cü ildə
prezident vəzifəsinə başladıqdan sonra irəli sürdüyü ilk təşəbbüslərdən biri regional inkişaf
proqramı olmuşdur və həmin proqramın əsas istiqamətlərindən biri kənd təsərrüfatının inkişafı
idi.
2004-cü ilin əvvəlində qəbul edilmiş ilk beşillik regional inkişaf proqramı Azərbaycanın
sosial-iqtisadi həyatında mühüm dönüş yaratdı. Həmin dövrdə ölkənin müxtəlif bölgələrində
infrastruktur problemləri, işsizlik, kənd təsərrüfatında məhsuldarlığın aşağı olması və müasir
texnologiyaların çatışmazlığı kimi məsələlər mövcud idi. Dövlət proqramı məhz bu
problemlərin həllinə yönəldilmişdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
proqram nəticəsində bölgələrdə yollar çəkildi, elektrik, qaz və su təminatı yaxşılaşdırıldı, kənd
təsərrüfatı üçün əlverişli şərait yaradıldı. Bu proqram yalnız iqtisadi layihə deyil, həm də sosial
inkişaf modeli kimi çıxış etdi. Regionlarda yeni müəssisələrin yaradılması, fermerlərə dövlət
dəstəyinin artırılması və kənd əhalisinin məşğulluğunun təmin olunması proqramın əsas
nəticələrindən oldu.
Aqrar sahədə müşahidə olunan durğunluğun müxtəlif səbəbləri mövcuddur. Bunlardan
biri iqlim dəyişiklikləri və su ehtiyatlarının azalmasıdır. Son illərdə dünyada baş verən qlobal
iqlim dəyişiklikləri Azərbaycana da təsirsiz ötüşməyib. Quraqlıq, su çatışmazlığı və torpaqların
məhsuldarlığının azalması kənd təsərrüfatına mənfi təsir göstərən əsas amillərdəndir. Digər
səbəblər sırasında bəzi bölgələrdə müasir texnologiyaların yetərincə tətbiq olunmaması,
istehsalın səmərəliliyinin aşağı olması və özəl sektorun aqrar sahəyə investisiyalarının kifayət
qədər olmaması göstərilə bilər. Bir çox hallarda fermerlər ənənəvi üsullarla fəaliyyət göstərir
və bu da məhsuldarlığın artmasına mane olur. Prezident İlham Əliyev məhz bu problemlərin
aradan qaldırılması üçün yeni Dövlət Proqramının hazırlanmasının vacibliyini qeyd etmişdir.
Bu proqram kənd təsərrüfatının yeni inkişaf mərhələsinə keçidini təmin etməlidir. Hazırlanan
yeni Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması,
məhsuldarlığın artırılması və aqrar sektorun müasir standartlara uyğunlaşdırılmasıdır. Dövlət
başçısının çıxışından aydın olur ki, proqram yalnız dövlət qurumlarının fəaliyyəti ilə
məhdudlaşmayacaq, burada özəl sektorun iştirakı da mühüm rol oynayacaq.
Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, özəl sektora ciddi mesaj verilməlidir.
Sahibkarlar kənd təsərrüfatının inkişafında daha fəal iştirak etməli, bu sahəyə daha çox
investisiya yatırmalıdırlar. Dövlət isə bunun üçün əlverişli şərait yaratmağa davam edəcək. Bu
yanaşma onu göstərir ki, kənd təsərrüfatının inkişafı yalnız dövlət büdcəsinin hesabına deyil,
dövlət və özəl sektor əməkdaşlığı əsasında həyata keçirilməlidir. Müasir iqtisadi modeldə özəl
investisiyalar inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.
Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün son illərdə genişmiqyaslı islahatlar
həyata keçirilmişdir. Dövlət tərəfindən fermerlərə subsidiyalar verilir, texnika təminatı
yaxşılaşdırılır, güzəştli kreditlər ayrılır və aqrar sahədə innovativ texnologiyaların tətbiqi
genişləndirilir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, kənd təsərrüfatı
neftdənkənar sektorun əsas istiqamətlərindən biridir. Bu siyasətin məqsədi ölkə
iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsidir. Aqrar sektor həm
daxili bazarın yerli məhsullarla təmin olunmasına, həm də ixrac potensialının artmasına
mühüm töhfə verir. Fermerlərə göstərilən dövlət dəstəyi nəticəsində taxılçılıq, pambıqçılıq,
üzümçülük, tütünçülük, baramaçılıq və heyvandarlıq kimi sahələrdə ciddi inkişaf müşahidə
olunur. Müasir suvarma sistemlərinin qurulması və kənd təsərrüfatı texnikasının yenilənməsi
məhsuldarlığın artmasına səbəb olmuşdur.
Son illərdə kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi də geniş vüsət
almışdır. Elektron kənd təsərrüfatı sistemi vasitəsilə fermerlərin fəaliyyəti daha şəffaf və
səmərəli şəkildə təşkil olunur. Aqroparkların yaradılması isə müasir kənd təsərrüfatı modelinin
formalaşmasına xidmət edir. Azərbaycanda yaradılan aqroparklar həm istehsalın
artırılmasına, həm də yeni iş yerlərinin açılmasına imkan verir. Burada müasir texnologiyalar
tətbiq olunur, məhsulun keyfiyyəti yüksəlir və ixrac imkanları genişlənir. Dövlətin məqsədi kənd
təsərrüfatını ənənəvi üsullardan çıxarıb müasir və rəqabətqabiliyyətli sahəyə çevirməkdir.
Regional inkişaf proqramları kənd yerlərində yaşayan insanların həyat səviyyəsinin
yüksəlməsində mühüm rol oynamışdır. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri və
sosial obyektlər tikilmiş, minlərlə insan işlə təmin olunmuşdur. İnfrastruktur layihələri kəndlərdə
yaşayış şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Kənd təsərrüfatının inkişafı
regionlardan paytaxta miqrasiyanın qarşısının alınmasına da kömək edir. İnsanlar doğma
bölgələrində iş və gəlir imkanları əldə etdikcə kəndlərin sosial həyatı canlanır. Bu isə ölkədə
balanslı regional inkişaf siyasətinin uğurla həyata keçirildiyini göstərir.
Müasir dövrdə ərzaq təhlükəsizliyi hər bir dövlət üçün strateji məsələ hesab olunur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasət Azərbaycanın özünü əsas
ərzaq məhsulları ilə təmin etməsinə və idxaldan asılılığın azalmasına yönəlib. Eyni zamanda
Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istiqamətində də mühüm addımlar
atır. “Made in Azerbaijan” brendi altında yerli məhsullar xarici bazarlarda tanıdılır. Meyvə-
tərəvəz, pambıq, şərab və digər məhsullar bir çox ölkələrə ixrac edilir. Bu da ölkəyə əlavə
valyuta gəlirləri qazandırır və kənd təsərrüfatının iqtisadi əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə xüsusi diqqəti Azərbaycanın
dayanıqlı inkişaf strategiyasının mühüm hissəsidir. 2004-cü ildən etibarən həyata keçirilən
regional inkişaf proqramları kənd təsərrüfatının inkişafına güclü təkan vermiş, regionların
simasını dəyişmiş və ölkənin iqtisadi potensialını artırmışdır. Bu siyasət nəticəsində
Azərbaycan kənd təsərrüfatında müasir texnologiyaların tətbiq olunduğu, rəqabətqabiliyyətli və
ixracyönümlü aqrar ölkəyə çevrilməkdədir. Dövlət dəstəyi, fermerlərin fəaliyyəti və düzgün
iqtisadi strategiya kənd təsərrüfatının gələcəkdə də ölkənin əsas inkişaf istiqamətlərindən biri
olacağını göstərir.
Asif Salmanov,
Sabirabad rayon Toxumçuluq müfəttişliyinin rəisi
















