Milli Məclisin deputatı Azər Badamovun sərnişindaşımada biletlərlə bağlı müsahibəsi zamanı “bilet” sözünü düzgün tələffüz edə bilməməsi onu lağ obyektinə çevirib.
1xeber.media bildirir ki, deputat Fazil Mustafa sosial şəbəkədə həmkarını müdafiə edən qeyd paylaşıb.
“Bunun adı yalnız mədəniyyətsizlik deyil, bunun adı həm də insansevməzlikdir. Nəyi məsxərəyə qoyursunuz? Azərbaycan dövlətinin maraqlarını hər zaman canü-dildən qoruyan, separatizmə qarşı ən sərt mövqe sərgiləyən ləzgi əsilli vətəndaşımızın Azərbaycan dilində ifadəsini başqa mənada yozaraq nə etdiyinizin fərqindəmisiniz? Ola bilsin ki, hansısa sözü bir ləzgi, bir talış, bir rus, bir kürd əsilli vətəndaşımız bir qədər fərqli söyləsin, yanlış tələffüz etsin, o halda küyə gedib lağlağı orkestri yaradacaqsınız? Bunun adını nə qoyaq, sizlər yalnız əsl Azərbaycan vətənpərvəri olan millət vəkili Azər Badamovu incitmirsiniz, dəyərimiz, sərvətimiz, tale qardaşımız olan bütün xalqların nümayəndəıərini incidirsiniz! Məgər unutmusunuz, yaxın tarixdə Azər bəyi Azərbaycanı hədələyən rus şovinistlərinə verdiyi sərt cavablara görə Rusiyadan deport etmişdilər. Sizin rus şovinistlərindən doğrudanmı fərqiniz yoxdur? Kimisə deputat kimi sevməyə bilərsiniz, müxalifətdə və ya sosial narazı statusunda ola bilərsiniz, ancaq bu etdiyiniz bir dövlət çatısı altında birliyimizə qəsddir, bütövlüyümüzə vurulan zərbədir. Kiməsə bu epizod sadə görünə bilər, ayıq-sayıq, ağıllı insanlarımız nə demək istədiyimi əminəm ki, anladılar”.















