İsrail İrana zərbələri müvəqqəti olaraq dayandırıb, lakin Tehranın istənilən yeni hücumuna cavab vermək hüququnu özündə saxlayır.
1xeber.media xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu televiziya ilə çıxışında deyib.
"Hazırda atəşkəs mövcuddur, çünki Tehrandakı terrorçu rejimi vurduqdan sonra bizə hücum etməyi dayandırdılar. Əgər İrandakı terrorçu rejimi səhv edib bizə yenidən hücum edərsə, biz tam güclə cavab verəcəyik", - deyə o, qeyd edib.
Baş nazir bunu ölkəsinin özünümüdafiə hüququ ilə izah edib: "İsrailin özünümüdafiə hüququ var və biz bundan lazım olan dərəcədə istifadə edirik. Bunu dostum Prezident Trampa minnətdarlıq və hörmətlə dediyim kimi sizə də deyirəm".
O, həmçinin bir daha İranın və onun müttəfiqi olan Livan şiə təşkilatı "Hizbullah"ın əvvəlkindən daha zəif, İsrailin isə onun fikrincə, əvvəlkindən daha güclü olduğuna əminliyini bildirib: "Amma onlara qarşı mübarizəmiz hələ bitməyib. Son bir gündə İran və "Hizbullah" bizə yeni bir tənlik tətbiq etməyə çalışdılar. Və bu tənlik mənim üçün qəbuledilməzdir. Onlar düşünürdülər ki, Livan və İran ərazisindən İsrailə atəş açacaqlar və biz tədbir görməyəcəyik. Bu baş vermədi və olmayacaq da".
















