15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətçilik tarixinin ən mühüm
hadisələrindən biridir. Bu əlamətdar gün xalqımızın yaddaşında yalnız siyasi hakimiyyət
dəyişikliyi kimi deyil, həm də dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edilməsi, ictimai-
siyasi sabitliyin bərpası və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından
tarixi əhəmiyyət kəsb edir. Milli Qurtuluş Günü müstəqilliyimizin qorunmasının, dövlətçilik
ənənələrinin möhkəmləndirilməsinin və milli birliyin təmin olunmasının təcəssümünə
çevrilmişdir.
XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan ciddi daxili və
xarici təhdidlərlə üzləşmişdi. Nəticədə xalqımız ağır sınaqlarla qarşılaşdı, torpaqlarımızın işğalı
prosesi başladı, ölkədə siyasi-iqtisadi və sosial vəziyyət gərginləşdi. Müstəqilliyin ilk illərində
hakimiyyətdə olan qüvvələrin səriştəsiz fəaliyyəti vəziyyəti daha da ağırlaşdırdı. Dövlət
idarəetmə sistemi iflic vəziyyətinə düşmüş, iqtisadi tənəzzül dərinləşmiş, qanunsuz silahlı
dəstələr özbaşınalıq törətmiş, ayrı-ayrı bölgələrdə separatçılıq meylləri güclənmişdi. Dövlət
müstəqilliyi və suverenliyi real təhlükə ilə üz-üzə qalmışdı. Ölkədə anarxiya və xaos hökm
sürür, vətəndaş qarşıdurması təhlükəsi getdikcə artırdı.
1993-cü ilin iyununda baş verən hadisələr vəziyyətin son dərəcə kritik həddə çatdığını
göstərirdi. Məhz belə bir mürəkkəb və taleyüklü məqamda xalqın ümidi Ulu Öndər Heydər
Əliyevə yönəldi. Cəmiyyətin bütün təbəqələri yaxşı anlayırdı ki, ölkəni düşdüyü ağır böhrandan
yalnız böyük dövlətçilik təcrübəsinə malik lider çıxara bilər.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya gəldi. Bu
qayıdış xalqın və dövlətin xilası naminə atılmış tarixi addım idi. Məsuliyyəti öz üzərinə götürən
Ulu Öndər ilk növbədə ölkədə sabitliyin təmin olunması istiqamətində qətiyyətli tədbirlər
həyata keçirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi xalqımızın
tarixində yeni mərhələnin başlanğıcı oldu. Sonradan bu tarix Milli Qurtuluş Günü kimi dövlət
bayramı elan edildi. Həmin gün Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin bərpası və gələcək
tərəqqinin təməlinin qoyulduğu gün kimi tarixə həkk olundu.
Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik
təmin edildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, dövlət idarəetmə sistemi
formalaşdırıldı. İnsanlarda dövlətə və gələcəyə inam yenidən bərpa olundu. Ordu quruculuğu
sahəsində mühüm addımlar atıldı, beynəlxalq münasibətlər sistemində milli maraqlara
əsaslanan müstəqil xarici siyasət kursu müəyyənləşdirildi.
1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalandı.
Həmin ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” adlanan neft sazişi iqtisadi yüksəlişin
əsasını qoydu. Bununla da ölkəyə milyardlarla dollar həcmində xarici investisiyalar cəlb edildi,
enerji strategiyasının uğurlu icrası təmin olundu və beynəlxalq iqtisadi əməkdaşlıq üçün geniş
imkanlar açıldı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində hüquqi
dövlət quruculuğu prosesi sürətləndi. İlk parlament seçkiləri keçirildi, eferendum (ümumxalq
səsverməsi) yolu ilə Konstitusiya qəbul olundu, demokratik təsisatların formalaşdırılması
istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, dünya
birliyində mövqeləri möhkəmləndi.
Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri dövlət müstəqilliyini
qoruması və dönməz xarakterə çevirməsi olub. O, yalnız mövcud böhranın qarşısını almaqla
kifayətlənmədi, həm də gələcək inkişafın strateji istiqamətlərini müəyyənləşdirib. Məhz buna
görə də Ümummilli Lider Heydər Əliyevin adı müstəqilliyimizin memarı və müasir dövlətimizin
banisi kimi tariximizə əbədi həkk olunub.
Bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Son illərdə əldə olunan möhtəşəm nailiyyətlər, iqtisadi və siyasi sahələrdə
qazanılan uğurlar, beynəlxalq nüfuzun yüksəlməsi həmin siyasətin uğurlu nəticələridir.
Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ildə
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri
nəticəsində dövlət suverenliyinin tam təmin olunması milli dövlətçilik tariximizin ən parlaq
hadisələrindəndir. Bu möhtəşəm nailiyyətlər Ulu Öndərin müəyyən etdiyi strateji xəttin
təntənəsi olmaqla yanaşı, Onun ən böyük arzusunun gerçəkləşməsi deməkdir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq
işləri, Böyük Qayıdış Proqramının uğurla icrası, azad edilmiş torpaqlarda müasir şəhər və
kəndlərin salınması dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. Ölkəmizin bütün
ərazilərində üçrəngli bayrağımızın qürurla dalğalanması Ulu Öndərin siyasi irsinin zəfər
salnaməsidir.
Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik iradəsinin təcəssümüdür.
15 İyun tarixinin əhəmiyyəti yalnız keçmişin deyil, həm də bugünkü uğurlarımızın və gələcək
hədəflərimizin əsasını təşkil etməsindədir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası
nəticəsində qorunub saxlanılan dövlət müstəqilliyi bu gün daha da möhkəmlənir, yeni uğurlara
yol açır və xalqımızı daha parlaq gələcəyə doğru aparır. Milli Qurtuluş Günü dövlətçilik
tariximizin ən şərəfli səhifələrindən biri kimi daim böyük ehtiramla qeyd olunur.
Mirqiyam Məmmədov,
YAP Sabirabad rayon təşkilatının əməkdaşı

















