Paytaxtda tibb müəssisələrinə gələn vətəndaşların rahat hərəkətini təmin etmək məqsədilə yeni dəyişikliklər edilib.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, Bakının daha 7 ünvanında parklanma yerlərinin bir hissəsi ləğv olunaraq həmin ərazilərdə taksilər və fərdi avtomobillər üçün xüsusi minib-düşmə məntəqələri yaradılıb. Bunun üçün müvafiq olaraq "5.14" – "minik taksilərinin duracaq yeri" və "3.28" – "durmaq qadağandır" yol nişanları quraşdırılıb.
Dəyişikliklər aşağıdakı ünvanlarda tətbiq olunub:
Məzahir Rüstəmov küçəsi – 7 nömrəli şəhər poliklinikası;
Lermontov küçəsi – 22 nömrəli şəhər poliklinikası;
Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi – 25 nömrəli şəhər poliklinikası;
Məmmədəli Şərifli küçəsi – 4 nömrəli Vərəm Əleyhinə Dispanser;
Əhməd Cavad küçəsi – Respublika Kliniki Uroloji Xəstəxanası;
Əcəmi Naxçıvani küçəsi – Medera Hospital;
Natiq Əhmədov küçəsi – Məlhəm Beynəlxalq Hospitalı.
AYNA bildirib ki, görülən işlər nəticəsində sərnişinlərin taksi və digər nəqliyyat vasitələrinə daha rahat minib-düşməsi təmin olunacaq.
Qeyd edək ki, layihə çərçivəsində indiyədək paytaxtın 20 müxtəlif ünvanında yerləşən tibb və sosial xidmət müəssisələrinin qarşısında xüsusi minib-düşmə yerləri yaradılıb.

















