Regionda müşahidə olunan orta illik temperatur artımı, quraqlıq dövrlərinin uzanması, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarına artan təzyiq hər birimizə məlumdur. Məhz buna görə son illərdə ölkə üzrə su ehtiyatlarının qorunması, yeni su mənbələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində intensiv və genişmiqyaslı layihələr həyata keçirilir. Bu layihələrin mühüm hissəsi ölkənin şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edir.
1xeber.media xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Qubada keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
O bildirib ki, xüsusilə Taxtakörpü su anbarı və ona inteqrasiya olunmuş hidrotexniki sistemlər son illərdə regionun su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Bu layihələr vasitəsilə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında kənd təsərrüfatı sahələrinin su təminatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi və əhalinin içməli su təminatının gücləndirilməsi mümkün olub. Bununla yanaşı, ölkəmizin ən böyük su təsərrüfatı sistemlərindən biri olan Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və mərhələli şəkildə modernləşdirilməsi istiqamətində aparılan işlər regionun gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sistem vasitəsilə həm Abşeron yarımadasının, həm də şimal rayonlarının su təminatı həyata keçirilir. Hazırda Agentlik tərəfindən bu sistemdə su itkilərinin azaldılması, kanalların yenidən qurulması, hidrotexniki qurğuların modernləşdirilməsi və idarəetmənin rəqəmsallaşdırılması istiqamətində bir sıra tədbirlər görülür.
“Eyni zamanda, Abşeron, Sumqayıt və Xızı regionlarının torpaqları iqlim baxımından yetəri qədər həssas zonadadır. Burada hər il istixanalar, badam və zeytun bağları sürətlə genişlənsə də, regionun arid iqlim qurşağında yerləşməsi və yerli su ehtiyatlarının formalaşmaması burada müasir suvarma üsullarına keçidlə yanaşı, alternativ su mənbələrindən istifadənin öyrənilməsini şərtləndirir. Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası istiqamətində özəlliklə Abşeron yarımadasında alternativ su mənbələrindən istifadə imkanlarının öyrənilməsi təmin ediləcək”, - deyə o əlavə edib.

















