Ölkəmizin su ehtiyatlarının təxminən 60 faizi ölkə hüdudlarından kənarda formalaşır. Bu baxımdan, Azərbaycanın su təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir.
1xeber.media xəbər verir ki, bunu “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, deputat Pərvanə Vəliyeva təşkilatın Ermənistanda “Liderlər təbiət naminə” devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına müraciəti ilə bağlı brifinqdə deyib.
O qeyd edib ki, Ermənistan ərazisindən axan bəzi çaylara çirkab suların axıdılması nəticəsində bu çirklənmə Azərbaycan ərazisinə də yayılır.
“Koalisiyamız həmin çaylarda baş verən prosesləri mütəmadi olaraq izləyir, əldə etdiyimiz faktları ekoloji terrorun təzahürü kimi beynəlxalq qurumlara təqdim edirik. Hər iki ölkə arasında aparılan sülh danışıqları çərçivəsində transsərhəd çayların çirklənməsinin qarşısının alınması və su ehtiyatlarının qorunması məsələlərinin də müzakirəsi vacibdir”, - deyə deputat bildirib.

















