Kəlbəcər rayonunun Abdullauşağı kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə kollektiv müraciət ünvanlayıblar.
1xeber.media xəbər verir ki, redaksiyamıza daxil olan müraciətdə sakinlər Böyük Qayıdış proqramı çərçivəsində doğma kəndlərinə qayıtmaq istəklərini ifadə edərək, Abdullauşağı kəndinin tarixi ərazisində yenidən salınmasını və kənd əhalisinin məhz öz doğma yurdlarında məskunlaşdırılmasını xahiş ediblər.
Müraciətdə kəndin gələcəyi ilə bağlı qəbul olunan bəzi qərarlarda yerli əhalinin mövqeyi nəzərə alınması xahiş olunur.
Sakinlər müraciətdə, həmçinin SOCAR-da çalışdığı bildirilən İsmayılov Misir Mühiddin oğlunun, eləcə də onun qohumunun və digər şəxslərin Abdullauşağı kəndi ərazisində vaxtilə ümumi istifadədə olmuş torpaq sahəsində qanunsuz şəkildə istirahət kompleksi inşa etdiklərini iddia ediblər. Müraciət müəllifləri həmin iddiaların aidiyyəti dövlət qurumları tərəfindən hərtərəfli araşdırılmasını və hüquqi qiymət verilməsini xahiş ediblər.
Müraciət müəllifləri bildiriblər ki, onların əsas istəyi başqa yaşayış məntəqələrinə deyil, məhz ata-baba yurdları olan Abdullauşağı kəndinə qayıtmaq, həmin ərazidə yaşamaq və Böyük Qayıdış prosesində iştirak etməkdir.
Sakinlər Prezident İlham Əliyevdən müraciətdə qaldırılan məsələlərin obyektiv araşdırılması, Abdullauşağı kəndinin tarixi ərazisində yenidən salınması, kənd sakinlərinin qanuni hüquqlarının təmin olunması və səsləndirilən iddialara hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilməsini xahiş ediblər.
Qeyd edək ki, Abdullauşağı kənd sakinləri müraciətlərinə imza vərəqələrini də əlavə ediblər.





















