Bərdə Rayon İcra Hakimiyyəti bəzi informasiya resurslarında və sosial şəbəkə hesablarında rayonun idarəçiliyi, həmçinin sosial-iqtisadi vəziyyəti barədə irəli sürülən tənqidi iddialara rəsmi münasibət bildirib.
İcra Hakimiyyətindən 1xeber.media-ya verilən açıqlamada yayılan məlumatların birtərəfli xarakter daşıdığı, rəsmi mənbələrdən dəqiqləşdirilmədən hazırlandığı və reallığı tam əks etdirmədiyi vurğulanıb.
Qurumdan daxil olan xəbərdə qeyd olunur ki, rayonda vətəndaş müraciətlərinə operativ baxılması, sosial problemlərin həlli və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində dövlət proqramları uğurla icra olunur. Şikayətlərdə yer alan bəzi məqamlara aydınlıq gətirən İcra Hakimiyyəti, torpaq münasibətləri və bələdiyyə hərraclarının təşkili məsələlərinin onların səlahiyyətlərinə aid olmadığını diqqətə çatdırıb. Həmçinin suvarma ilə bağlı qaldırılan problemlərin müvafiq su təsərrüfatı qurumlarının məsuliyyətində olduğu, buna baxmayaraq fermerlərin müraciətlərinin həlli üçün aidiyyəti təşkilatlarla daim koordinasiyalı fəaliyyət göstərildiyi bildirilib.
Bərdə Rayon İcra Hakimiyyəti fəaliyyətində şəffaflıq, qanunçuluq və vətəndaş məmnuniyyətini əsas prinsip kimi rəhbər tutduğunu və sakinləri narahat edən məsələlərin səyyar qəbullar vasitəsilə yerində araşdırılmasını bundan sonra da təmin edəcəyini bəyan edib.















