Binəqədi rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2 İyul-Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib.
1xeber.media xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Azay Quliyev, Məlahət İbrahimqızı, Elşad Musayev, Binəqədi Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon Mühafizə İdarəsnin rəisi-polis polkovniki Rəşadət Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Polis İdarəsinin məsul əməkdaşları, veteran polis əməkdaşları, qazilər iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, azadlığı, müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının, polis əməkdaşlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub.
Binəqədi Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov tədbir iştirakçılarını salamlayaraq ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib. İlqar Məmmədov qeyd edib ki, bu gün də Prezident İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda hər bir polis əməkdaşı vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirməyə, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğrultmağa çalışır.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ölkəmizin bütün ərazilərində yüksək peşəkarlıqla dövlətə, xalqa xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edərək qeyd edib ki, Azərbaycanın daxili işlər orqanlarının inkişafı, onların milliləşdirilməsi biləvasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı göstərilməyə, xalqa və xidməti vəzifəsinə sədaqətli olan kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinə, onların peşəkarlıqlarının təkmilləşdirilməsinə diqqət artırılmağa başlayıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev siyasətini əzmlə davam etdirən Prezident İlham Əliyevin milli inkişaf strategiyasında da daxili işlər orqanlarına diqqət, daxili işlər orqanlarında fəaliyyət göstərən əməkdaşların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması, xidməti vəzifələrini layiqincə yerinə yetirən əməkdaşların mükafatlandırılmasına diqqət xüsusi yer tutur. Ölkənin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri xidmətlər polis əməkdaşlarının Vətənə və xalqa sədaqətinin bariz nümunəsidir.
Növbəti çıxış edən millət vəkili Kəmaləddin Qafarova polis əməkdaşlarını təbrik edərək qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 2 iyul tarixi Azərbaycan Polisi Günü elan olunub. Dahi Şəxsiyyət, ümummilli lider Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb. Bu addımlar Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə özünü göstərdi.
Millət vəkili Azay Quliyev çıxışında daxili işlər orqanları əməkdaşlarının ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişaf və davamlılığın, demokratiyanın bərqərar olmasında mühüm rol oynadığını qeyd edərək bildiridi ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərdə polis əməkdaşlarının da müstəsna xidmətləri olub. Belə ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını Vətən müharibəsində, antiterror əməliyyatları zamanı nümayiş etdirərək doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirərək qəhrəmanlıq salnaməsi yaradıblar.
Növbəti çıxış edən millət vəkili Elşad Musayev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Millət vəkili Məlahət İbrahimqızı çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Azərbaycan dövləti öz müstəqil siyasətini aparır və bu müstəqil siyasətin təməlində Azərbaycan xalqının iradəsi dayanır. Ölkəmizdə hökm sürən sabitlik və ictimai-siyasi asayiş bizim gücümüzü daha da artırır.
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının imzaladığı Fəxri Fərmanla təltif olunub.
Tədbirin bədii hissəsində Cahangir Cahangirov adına xorun, Azərbaycan Respublikasının əməkdar artistləri - İlkin Əhmədovun, Aqşin Abdullayevin, Akademik Opera və Balet teatrının solisti Aytən Məhərrəmovanın, Yaqut Xəlilzadənin ifasında biri-birindən gözəl musiqilər səslənib, “Gənclik” rəqs ansamblının ifasında rəqs nümunələri nümayiş etdirilib.
Sonda xatirə fotosu çəkilib.


















