Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət nəticəsində ölkəmiz Avropa İttifaqı üçün etibarlı tərəfdaş, regional sabitliyin əsas təminatçılarından biri və Avrasiya məkanında mühüm geosiyasi aktor kimi mövqeyini daha da möhkəmləndirib.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri də tərəflər arasında formalaşmış strateji dialoqun ardıcıl inkişaf etdiyini və əməkdaşlığın artıq yeni məzmun kəsb etdiyini göstərir.
Bir sözlə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisədir.
Bu səfər Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərinin davamı kimi qiymətləndirilə bilər və 27 dövləti birləşdirən Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi strateji əhəmiyyətin əyani sübutudur.
Səfər zamanı Ursula Fon der Lyayenin söylədiyi “Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam” fikri münasibətlərin gələcək inkişaf istiqamətini aydın şəkildə ortaya qoydu.
Son dönəmlərdə Avropa İttifaqının rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri – əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, daha sonra Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, ardınca isə Avropa Komissiyasının Prezidentinin ölkəmizə səfərləri münasibətlərin dinamik inkişafının və qarşılıqlı siyasi etimadın əyani göstəricisidir.
Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında da vurğulandığı kimi, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər tarixinin ən fəal mərhələlərindən birini yaşayır: “Bu gün əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Siyasi dialoq, ticarət, nəqliyyat-logistika, rəqəmsal transformasiya, yaşıl enerji, regional təhlükəsizlik və postmünaqişə dövründə əməkdaşlıq artıq tərəfdaşlığın əsas istiqamətlərinə çevrilib. Bu isə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sistemli və uzunmüddətli xarakter aldığını göstərir".
Avropa İttifaqının uzun illərdir Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğunu söyləyən komitə sədri deyib ki, ölkəmizin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv ölkələrin payına düşməsi, Cənubi Qafqaz üzrə Aİ ilə ticarətin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin Avropa iqtisadi məkanındakı mövqeyini aydın şəkildə nümayiş etdirir.
Bu göstəricilər Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də etibarlı iqtisadi tərəfdaş kimi artan rolunun təzahürüdür.
2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu qısa müddət ərzində konkret nəticələr verib.
Ölkə başçısının da vurğuladığı kimi, Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə ixrac olunur, son dörd il ərzində Avropaya qaz ixracı təxminən 65 faiz artıb.
Bu faktlar bir daha təsdiq edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır.
Bu gün Azərbaycan regionda yeni əməkdaşlıq modelini formalaşdıran əsas təşəbbüskar dövlət kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və uzaqgörən siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, yaşıl enerji, rəqəmsal transformasiya və regional sabitlik sahələrində Avropa İttifaqının əsas tərəfdaşlarından birinə çevrilib. Avropa İttifaqı rəhbərlərinin ölkəmizə ardıcıl səfərləri, müzakirə olunan məsələlər Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının zəngin gündəliyə əsaslandığını və tərəfdaşlığın qarşıdakı dövrdə daha da genişlənəcəyini deməyə əsas verir.
Avropa İttifaqı Azərbaycanı mürəkkəb geosiyasi regionda yerləşən, Şərqlə Qərbi birləşdirən mühüm logistika mərkəzi, güclü nəqliyyat infrastrukturu yaradan və regional sabitliyə töhfə verən dövlət kimi qiymətləndirir. Azərbaycanın uzunmüddətli strateji baxışı və gələcəyə hesablanmış siyasəti bu əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir. Enerji sahəsində tərəfdaşlıq münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Xüsusilə 2022-ci ildə Avropanın enerji təhlükəsizliyi ciddi sınaq qarşısında qaldığı dövrdə Avropa İttifaqının Azərbaycana müraciət etməsi və Azərbaycanın etibarlı tərəfdaş kimi öz öhdəliklərini yerinə yetirməsi bunun ən bariz nümunəsidir. Həmin dövrdən etibarən Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracını təxminən 65 faiz artırması Bakının Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolunu bir daha təsdiqləyib. Bu gün Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi də ölkəmizin regionun əsas iqtisadi tərəfdaşı olduğunu göstərir. Bu göstərici iqtisadi əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün ciddi potensial yaradır.
Əməkdaşlıq artıq yalnız ənənəvi enerji ilə məhdudlaşmır. Azərbaycan və Avropa İttifaqı yaşıl enerji sahəsində də strateji tərəfdaşlıqları inkişaf etdirir. Xəzər dənizinin zəngin bərpaolunan enerji potensialı, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin yaşıl enerji imkanlarının Azərbaycan üzərindən Avropaya çatdırılması yeni enerji dəhlizinin formalaşmasına xidmət edir. Bu baxımdan Ursula Fon der Lyayenin enerji ilə yanaşı, enerji konnektivliyi üzrə yeni tərəfdaşlıq platformasının yaradılması təşəbbüsü xüsusi əhəmiyyət daşıyır.
bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurub.
Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq və Avropa İttifaqı ilə strateji xarakter daşıyan əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun və geosiyasi əhəmiyyətinin nəzərəçarpacaq dərəcədə artdığını bir daha təsdiqləyir.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
1xeber.media
















