Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait köçürmək imkanının yaradılması nəzərdə tutulur.
1xeber.media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, sözügedən yenilik 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq, onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
















