“NATO hazırda tarixinin ən monolit və ən güclü dövrünü yaşamır. Alyans daxilində müəyyən fikir ayrılıqları və çatlar müşahidə olunur. Xüsusilə Avropa və Şimali Atlantika məkanında təhlükəsizlik siyasəti, müdafiə xərcləri və strateji prioritetlərlə bağlı fərqli yanaşmalar mövcuddur. Belə bir dövrdə NATO-nun 36-cı Liderlər Sammitinin Türkiyədə keçirilməsi təsadüfi seçim kimi qiymətləndirilə bilməz”.
Bu fikirləri 1xeber.media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirib.
Deputat bildirib ki, son illərdə Yaxın Şərq və Şimali Afrika regionunda baş verən hadisələr NATO üçün ciddi sınağa çevrilib.
“Bu proseslər göstərdi ki, alyans daxilində həm hərbi-strateji, həm də siyasi qərarların qəbulunda müəyyən çətinliklər mövcuddur. Xüsusilə NATO-nun əsas maliyyə yükünü daşıyan ABŞ-ın çağırışlarının bütün üzv dövlətlər tərəfindən eyni səviyyədə dəstəklənməməsi bu fikir ayrılıqlarını daha da qabarıq şəkildə üzə çıxardı. Bu baxımdan sammitin Türkiyədə keçirilməsi ölkənin NATO daxilindəki rolunun və strateji əhəmiyyətinin bir daha təsdiqlənməsi kimi qiymətləndirilə bilər.
Türkiyə hərbi güc baxımından alyansın ikinci ən böyük üzvü olsa da, onu NATO üçün xüsusi əhəmiyyətli edən əsas amillərdən biri geostrateji mövqeyidir. Avropa, Qafqaz, Qara dəniz, Yaxın Şərq və Aralıq dənizi arasında körpü rolunu oynayan Türkiyə regional və qlobal təhlükəsizlik baxımından əvəzolunmaz aktorlardan biridir”, – deyə deputat qeyd edib.
Hikmət Babaoğlunun sözlərinə görə, NATO-nun 36-cı Liderlər Sammiti yeni qlobal təhlükəsizlik mühitində alyansın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayacaq.
“Yeni dünya nizamının formalaşdığı bir dövrdə alyansın qarşıdakı illərdə hansı istiqamətdə inkişaf edəcəyi, hansı strateji prioritetlərə üstünlük verəcəyi və üzv dövlətlər arasında həmrəyliyin hansı mexanizmlərlə gücləndiriləcəyi sammitin əsas müzakirə mövzuları sırasında olacaq”, – deyə deputat əlavə edib.
Aysel
1xeber.media
















