“Milli Məclisdə sosial şəbəkələrdə uşaqların müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərinin qəbul edilməsini müsbət və vaxtında atılmış addım kimi qiymətləndirirəm. Rəqəmsal texnologiyalar uşaqların təhsil alması, informasiya əldə etməsi və ünsiyyət imkanlarını genişləndirsə də, onlardan nəzarətsiz və məqsədsiz istifadə uşaqların psixoloji sağlamlığı üçün ciddi risklər yarada bilər. Bu baxımdan dövlətin hüquqi mexanizmləri gücləndirməsi, rəqəmsal platformaların məsuliyyətini artırması və uşaqların təhlükəsiz rəqəmsal mühitdə böyüməsinə şərait yaratması müasir dövrün tələblərinə cavab verir”.
Bunu Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov 1xeber.media-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr uşaqların psixoloji inkişafına ilk növbədə emosional və sosial baxımdan təsir göstərir.
“Davamlı olaraq ideal həyat tərzini əks etdirən görüntülərlə qarşılaşan uşaqlarda özünü başqaları ilə müqayisə etmə meyli güclənir. Bu isə özünəinamın azalmasına, narazılıq hissinin formalaşmasına, narahatlıq və depressiv əlamətlərin yaranmasına səbəb ola bilər. Xüsusilə yeniyetməlik dövründə şəxsiyyətin formalaşması davam etdiyi üçün sosial şəbəkələrdə əldə olunan bəyənmə və rəylər uşağın özünüqiymətləndirməsinə həddindən artıq təsir göstərir.
Digər mühüm məsələ diqqət və öyrənmə prosesidir. Sosial şəbəkələrdə qısa və sürətli məzmunlara uzun müddət məruz qalmaq uşaqlarda diqqətin davamlı saxlanılmasını çətinləşdirə, dərsə marağı azalda və planlı fəaliyyət bacarıqlarını zəiflədə bilər. Nəticədə akademik göstəricilər aşağı düşür, uşağın gündəlik məsuliyyətlərinə münasibəti dəyişir.
Sosial münasibətlər də bu prosesdən kənarda qalmır. Virtual ünsiyyət real ünsiyyəti əvəz etdikdə empatiya, emosiyaların düzgün ifadə olunması və münaqişələrin sağlam şəkildə həlli kimi sosial bacarıqların inkişafı zəifləyə bilər”.
Psixoloq bildirib ki, kiberzorakılıq, təhqir və sosial təcrid kimi hallar uşaqlarda uzunmüddətli psixoloji travmaların yaranmasına səbəb ola bilər.
“Sosial şəbəkə asılılığının ilkin əlamətləri adətən tədricən meydana çıxır. Uşaq planlaşdırdığından daha uzun müddət telefondan istifadə edir, cihaz əlindən alındıqda aqressiv və ya həddindən artıq narahat reaksiya verir, telefonunu davamlı yoxlamaq ehtiyacı hiss edir. Dərsə marağın azalması, yuxu rejiminin pozulması, ailə üzvləri və dostlarla ünsiyyətin zəifləməsi, əvvəllər həvəslə məşğul olduğu fəaliyyətlərdən uzaqlaşması da diqqət yetirilməli əlamətlərdir.
Bəzi hallarda uşaq sosial şəbəkədə keçirdiyi vaxtı ailəsindən gizlətməyə və ya bu barədə doğru məlumat verməməyə başlayır ki, bu da ciddi risk siqnalı hesab olunur. Lakin burada əsas məsələ təkcə istifadə müddəti deyil, sosial şəbəkələrdən istifadənin uşağın gündəlik həyatına və funksionallığına necə təsir göstərməsidir. Bəzən saatlarla internetdən dərs və yaradıcılıq məqsədilə istifadə edən uşaqda asılılıq olmaya bilər. Əksinə, daha az vaxt keçirsə belə, bu istifadə onun emosional vəziyyətinə, təhsilinə və sosial münasibətlərinə mənfi təsir göstərirsə, artıq müdaxilə zərurəti yaranır”.
Elnur Rüstəmov qəbul edilən qanunvericilik dəyişikliklərini yalnız hüquqi sənəd kimi deyil, eyni zamanda uşaqların psixoloji rifahının qorunmasına xidmət edən preventiv tədbir kimi qiymətləndirdiyini bildirib.
“Bununla yanaşı, qanunun effektivliyi ilk növbədə onun icrasından asılı olacaq. Bu prosesdə dövlət qurumları, təhsil müəssisələri, valideynlər, psixoloqlar və rəqəmsal platformalar birgə məsuliyyət daşıyırlar.
Valideynlərin rolu isə xüsusilə vacibdir. Uşağın telefondan istifadəsi yalnız qadağalarla deyil, sağlam rəqəmsal vərdişlərin formalaşdırılması yolu ilə tənzimlənməlidir. Ailə daxilində açıq ünsiyyətin qurulması, ekran vaxtının yaşa uyğun planlaşdırılması, birgə fəaliyyətlərin artırılması və valideynlərin öz rəqəmsal davranışları uşaqlar üçün ən güclü nümunədir.
Müasir dövrdə uşaqları rəqəmsal dünyadan tamamilə uzaqlaşdırmaq nə mümkündür, nə də buna ehtiyac var. Əsas məqsəd onların rəqəmsal mühitdə təhlükəsiz, tənqidi düşünən, emosional cəhətdən dayanıqlı və psixoloji sağlam fərd kimi formalaşmasına nail olmaqdır. Bu baxımdan qəbul edilən qanunvericilik dəyişiklikləri düzgün istiqamətdə atılmış mühüm addımdır. Gələcəkdə bu addımlar maarifləndirmə proqramları, psixoloji dəstək mexanizmləri və rəqəmsal savadlılığın artırılması ilə tamamlanarsa, daha effektiv nəticələr əldə olunacaq”.
Qeyd edək ki, Milli Məclisdə sosial şəbəkələrdə uşaqların müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərinin üçüncü oxunuşda qəbul edilməsi rəqəmsal təhlükəsizlik və uşaq hüquqlarının qorunması sahəsində yeni hüquqi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Aysel
1xeber.media

















