Azərbaycanda avtomobil sənayesinin inkişafı istiqamətində daha bir mühüm layihəyə start verilir. Özbəkistanın iştirakı ilə Hacıqabulda tam istehsal dövriyyəsinə malik avtomobil zavodunun tikintisi planlaşdırılır. Layihənin ölkədə istehsal gücünü artıracağı, yerli komponentlərin payını genişləndirəcəyi və yeni iş yerlərinin yaradılmasına töhfə verəcəyi gözlənilir. İlkin mərhələdə müəssisədə Chevrolet Cobalt modelinin istehsalının təşkili nəzərdə tutulur.
Mövzu ilə bağlı 1xeber.media-ya açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, hazırda ölkədə Hacıqabul, Neftçala sənaye parkları və Naxçıvanda fəaliyyət göstərən avtomobil yığım müəssisələri mövcuddur.
Onun sözlərinə görə, bu müəssisələrin gələcəkdə tam istehsal modelinə keçməsi Azərbaycanın sənaye potensialının güclənməsinə, beynəlxalq nüfuzunun artmasına və yeni məşğulluq imkanlarının yaranmasına müsbət təsir göstərəcək.
Eyyub Əliyev qeyd edib ki, ölkədə avtomobillərin utilizasiyası proqramı davam etdiyindən yeni istehsal müəssisələrinin xaricdən avtomobil idxalına ciddi təsir göstərəcəyi gözlənilmir:
“Azərbaycanın avtomobil parkının 80 faizdən çoxunu yaşı 10 ildən artıq olan nəqliyyat vasitələri təşkil edir. Utilizasiya prosesi sürətlə davam edir və avtoparkın yenilənməsinə xidmət edir.”
Assosiasiya sədri vurğulayıb ki, yerli istehsal və yığım müəssisələrinin sayının artması avtomobil almaq istəyən vətəndaşlar üçün daha sərfəli imkanlar yaradacaq.
“Yerli yığım avtomobilləri istehlakçılara daha münasib qiymətlə və əlverişli şərtlərlə təqdim olunur. Bu cür layihələr bazarın inkişafına xidmət edir və dəstəklənməlidir.”
Onun fikrincə, yaxın 5–6 il ərzində yerli istehsalın xaricdən avtomobil idxalını əhəmiyyətli dərəcədə əvəz etməsi real görünmür. Çünki Azərbaycanda yeni avtomobillərə bütün qiymət seqmentləri üzrə tələbat yüksək olaraq qalır.
Eyyub Əliyev hesab edir ki, yerli istehsal bazarda rəqabəti gücləndirəcək, seçim imkanlarını artıracaq və avtomobil sektorunun ümumi inkişafına müsbət təsir göstərəcək. Bununla belə, yaxın perspektivdə bazarda kəskin qiymət enişi və ya ayrı-ayrı markaların satışında ciddi azalma gözlənilmir.
Müəllif: Aysel
1xeber.media

















