Son dövrlərdə nağd alış-veriş edən paytaxt sakinləri tərəfindən iri supermarket şəbəkələrində xırda pulların, xüsusilə də 1, 3 və 5 qəpikliklərin qaytarılmaması ilə bağlı şikayətlərin sayı kəskin şəkildə artıb.
1xeber.media-nın araşdırma qrupu şəhərin müxtəlif nöqtələrində yerləşən mağazalarda gizli müştəri qismində reydlər keçirərək vətəndaşların hüquqlarının necə pozulduğunu yerindəcə qeydə alıb. Məlum olub ki, kassirlər çox vaxt "xırda pul yoxdur" bəhanəsi ilə qalıq pulları yuvarlaqlaşdıraraq alıcılara zərər vururlar.
Bizimlə həmsöhbət olan alıcılar bu vəziyyətin kütləvi xarakter aldığını vurğulayırlar. Bir baxışda kiçik görünən 2-3 qəpiklik fərqlər gün ərzində minlərlə müştərinin daxil olduğu böyük market şəbəkələrində nəhəng və qeyri-qanuni dövriyyə yaradır. Vətəndaşlar bildirirlər ki, müştəri tərəfindən 1 qəpik əskik olduqda mal satılmadığı halda, mağaza rəhbərliyi tərəfindən qalıq pulun saqqız və ya kibritlə əvəzlənməsi və ya ümumiyyətlə unudulması adi hala çevrilib.
İstehlakçıların hüquqlarının müdafiəsi üzrə müstəqil ekspertlər portalımıza bildiriblər ki, bu tendensiya birbaşa qanunvericiliyin pozulmasıdır və ticarət obyektinin məsuliyyətsizliyindən xəbər verir. Ekspertlər çıxış yolu kimi nağdsız (kart və ya QR kod) ödəniş sistemlərinin tam məcburi və daha geniş tətbiqini, həmçinin vətəndaşların bu cür hallarla qarşılaşdıqda dərhal rəsmi şikayət mexanizmlərindən istifadə etmələrini tövsiyə edirlər.
1xeber.media olaraq ticarət sektorunda şəffaflığın qorunmasının tərəfdarıyıq. Mağaza daxili daxili audit sistemlərinin və xırda pul təminatının tənzimlənməsi istehlakçı məmnuniyyətini bərpa etmək üçün təxirəsalınmaz addımdır.

















