1xeber.media xəbər verir ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölgəyə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi ölümcül hücumun nəticələrini əks etdirən fotoları paylaşıb.
Qubernatorun "Telegram" kanalında yayımladığı görüntülərdə iki fərdi yaşayış evinin demək olar ki, tamamilə dağıldığı görünür.
Bundan başqa, çoxmərtəbəli yaşayış binasına da ciddi ziyan dəyib. PUA-nın binaya dəyməsi nəticəsində kərpic divarda iri ölçülü dəlik əmələ gəlib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Qubernator Andrey Vorobyovun sözlərinə görə, hücum nəticəsində 3 nəfər həlak olub, daha 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata əsasən, iyulun 12-dən 13-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus 300-dən çox pilotsuz uçuş aparatı (PUA) Moskva bölgəsi istiqamətində hərəkət edib. Rusiya hava hücumundan müdafiə qüvvələrinin onların böyük hissəsini zərərsizləşdirdiyi bildirilir.




















