Səhhətində ciddi problemlər yaşadığını bildirən tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aləmzar Sadıqqızı ölkə başçısına məktub yazıb.
1xeber.media xəbər verir ki, şair məktubunda aylardır həkim səhlənkarlığı ucbatından ağır vəziyyətə düşdüyünü iddia edir.
O yazır:
“Bəzəksiz-düzəksiz, sadə el dilində... Mən sizi çox sevirəm! Siz bizim mərd, vətənpərvər oğullarımızı başınıza yığıb Vətənimizi azğın düşmənlərdən xilas elədiniz! Sizi sevməmək nankorluq olar! Ancaq təəssüf ki, ən pis düşmən içimizdəkilərdir... Siz təksiz! Onlar isə yüzlərlədir!
Allaha and olsun ki, mən bu məktubu ağrılardan qıvrıla-qıvrıla yazıram... Həkimlərin bəlkə də 70 faizi insanları öldürməklə məşğuldur. Öz başıma gələnləri cəmiyyətimizin başına gəlmiş hesab edirəm. Aylardır həkimlərin səhvi ucbatından mən nələri yaşadım, bunu bir Allah, bir də mən bilirəm...
Sentyabr ayında ayaqlarımda baş verən kəskin ağrılara görə “Topçubaşov” xəstəxanasına sığorta göndərişi ilə getdim. Məni Ruslan həkimə yazdılar. Məni təkrar doppler edib sol ayağıma stend qoyulacağını, sağ ayağıma isə sadə anju ediləcəyini dedi. Ancaq “Topçubaşov”da yox, ikinci iş yeri olan “Kəpəz” xəstəxanasında... Getdim, ancaq qarşıma tələb qoydular. Analizlər sığortaya daxil deyil, 800 manat verməlisən! İmtina etmək istədim. Ancaq gözəl dostlarım mane oldu, iki saat içində o pulu topladılar...
Öncə sol ayağımda cəmi 20 dəqiqəlik bir əməliyyat etdilər və stendə ehtiyac görmədiklərini dedilər. Onu da deyim ki, mən orada Ruslan həkimi görmədim. Bir həftə sonra sağ ayağımı anju etdilər. Mən 26 ildir işlədiyim doğma evim - Azərbaycan Yazıçılar Birliyindən xahiş etdim ki, həkimə zəng vursunlar. Düzü, şahidi olduğum hadisələr məni qorxudurdu... Onlar isə düşündülər ki, bunun arxasında böyük təşkilat dayanıb. Beləliklə, ikinci əməliyyat mənə baha başa gəldi.
Damarlarımı açıq qoyduqları üçün iki gün sonra reanimasiyaya yerləşdirdilər. Mən orada ölümün əlindən qurtardım. Və bazarlıq başladı... Öncə 600 manat olmalıdır, yapışqan bahadır, o da alınmasa 3-4 min lazım olacaq. Mən cəmi 342 manat maaş alıram və heç cür imkanım yoxdur. Həyatımı təhlükəyə atıb xəstəxananı tərk etdim...
AYB-nin mənim kimi yüzlərlə üzvü var, onlar bu qədər köməyi mənə edə bilməzdilər. Sonra Yeni Klinikaya getdim. Orada da təkrar doppler edib dedilər ki, ayağınızda böyük bir qan kisəsi var, hər an partlayıb həyatınızı təhlükəyə ata bilər. Ancaq yenə pula görə əməliyyat etmədilər...
İki ay ayağımdakı yaraları güclə sağaltdım. Sentyabr ayından qızım məcbur qalıb işini atıb, evini atıb, körpə uşağı ilə mənə baxır. Ancaq bitmədi... Kəskin ağrılar başladı və mən “Topçubaşov”a yenidən müraciət etdim. Ayağımı dizdən kəsmək istədilər. Başqa həkimə üz tutdum. Anju oldum və ayağımın baş barmağı ilə daban amputasiya olundu...
Bütün bunlar mənə iki dəfə kredit götürməklə 6 mindən çox başa gəldi. Son dörd ayda isə qohum-əqrəba, dost-tanış köməklik edir. Bunlar da yetmədi, sosial şəbəkədə də paylaşımlar edildi. Çünki mənim maaşım mənim kommunal xərclərimə güclə yetir. Maaşımla müalicə xərclərim arasında dəvə ilə qarışqa qədər fərq var...
Ayağım təkrar ağırlaşıb, çünki həkimin yazdıqlarını edə bilmirəm. Vətənimi, yaşamağı nə qədər sevsəm də, artıq həyatıma son vermək qərarına gəlmişəm. Bu ömürdə tək onu anladım ki, əxlaqın, insanlığın heç bir qiyməti yoxdur...
Sizdən çox xahiş edirəm, bu insan yırtıcılarının diplomları əllərindən alınsın, qoy gedib fəhləlik edib insanların əzabını onlar da yaşasın...
Qanımda yaranan azlığa görə həkimim məsləhət gördü ki, Hematologiya və Transfuziologiya İnstitutuna gedim. Mən bundan öncə də, göydə Allah, yerdə sizi bilib məktub yazdım. Məktub oradan TƏBİB-ə göndərilmişdi. TƏBİB-in məktubunu götürüb getdik. Dedim ki, qanı qohumlar verəcək, siz sadəcə köçürmə edin. Baş həkimə müraciət etdim. Ancaq təəssüf ki, Zöhrə xanım min cür bəhanələr gətirdi, məcbur qalıb özəl klinikaya müraciət etdim... Bir dəfə qan köçürülüb, ancaq iki dəfə də köçürülməlidir. Mənim isə heç cür imkanım yoxdur. Günlərdir ağrıdan göz yaşı tökürəm. Gündüzlər də həm ağrılar, həm də qayğılar... Mən artıq nə edəcəyimi bilmirəm.
Sizə sığınıram...Təbii ki, ən gözəl həkim də, hakim də Allahdır! Mənə çox haqsızlıq olub. Burada sadəcə səhhətimi yazdım...
Mənə bir şey olarsa, sizə yazdığım əsl məktub evimdədir. Sizə bir yazar, bir ana, bir Azərbaycan qadını kimi minlərlə kəs xahiş edirəm, mənim itirilən haqlarıma sahib çıxın... istəyirəm ki, xəstələri ancaq pul gözündə görən həkimləri səhiyyəmizdən uzaqlaşdırasınız. Əgər dərin yoxlama getsə, görərsiniz ki, mən deyən həkimləri dönə-dönə məhkəməyə versələr də, heç kim onlara bata bilmir... Onlara tək sizin o düşmən başına enən yumruğunuz batar!!!! Mən sizə inanır və bütün qəlbimlə güvənirəm!”.

















