IV Şuşa Qlobal Media Forumunun Zəfərin rəmzinə çevrilmiş Şuşada keçirilməsi təsadüfi deyil. Bu Forum təkcə Azərbaycanın uğurlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından deyil, həm də yeni dövrün siyasi kommunikasiya modelinin formalaşdığı mühüm platforma kimi xüsusi əhəmiyyət daşıyır.
1xeber.media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Əbədi Turan Kitab Fondunun sədri, filologiya elmləri doktoru Esmira Fuad söyləyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra Şuşa Azərbaycanın yeni siyasi düşüncəsinin və qalib dövlət obrazının simvoluna çevrilib. Dünyanın 53 ölkəsindən nümayəndələrin Forum çərçivəsində Şuşaya səfər etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin dünya ictimaiyyətinə birbaşa nümayiş etdirilməsinin göstəricisidir.
“Eyni zamanda, Qarabağın incisi olan Şuşada keçirilən forumlar yeni dövrün siyasi kommunikasiya modelinin formalaşmasına xidmət edir. Burada səsləndirilən fikirlər, aparılan müzakirələr və verilən mesajlar qlobal informasiya məkanında xüsusi əhəmiyyət daşıyır”, – deyə E.Fuad bildirib.
Filologiya elmləri doktoru qeyd edib ki, Prezident İlham Əliyevin Forum çərçivəsində jurnalistlərin suallarını faktlara, dərin təhlilə və strateji baxışa əsaslanan cavablandırması Azərbaycanın regional və beynəlxalq proseslərdə məsuliyyətli və etibarlı aktor kimi mövqeyini bir daha nümayiş etdirib.
E.Fuadın fikrincə, dövlət başçısının çıxışında və səsləndirdiyi mesajlarda milli birliyin qorunması əsas ideya kimi ön plana çıxıb. Prezidentin "Biz ancaq özümüzə güvənə bilərik", "Milli birlik heç vaxt sarsılmamalıdır" və "Gələcək nəsil Vətənə bağlı, savadlı, bacarıqlı və prinsipial olmalıdır" kimi çağırışları müasir geosiyasi şəraitdə xüsusi aktuallıq daşıyır.
O bildirib ki, müstəqilliyin qorunması, milli kimliyin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi Azərbaycanın gələcək inkişafının əsas təminatlarından biridir.
"Eyni zamanda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra formalaşan yeni azərbaycançılıq məfkurəsinin gələcək nəsillərə ötürülməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan xalqı dövləti və müzəffər Ordusu ilə birlik nümayiş etdirərək 2020-ci il noyabrın 8-də Şuşa Zəfərinə nail oldu. Bu gün isə məhz həmin Şuşadan dünyaya gələcəyin siyasi mesajları verilir", – deyə Esmira Fuad sonda vurğulayıb.

















